Tarixdəki olaylar
14 mart 1937 – IX Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in üçüncü Konstitusiyası qəbul edilib. Sovet Azərbaycanının ilk Konstitusiyası 1921-ci ildə, ikincisi 1927-ci ildə qəbul olunmuşdu. 1936-cı ilin SSRİ (Stalin) Konstitusiyasının əsasında hazırlanan yeni Əsas Qanunda Azərbaycanın müttəfiq respublika kimi hüquqları daha da məhdudlaşdırılmış, rus dili dövlət dili kimi təsbit olunmuşdu.
14 mart 2008 – BMT Baş Assambleyasının 62-ci sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” qətnamə qəbul olunub. 39 səs lehinə, 7 əleyhinə və 100 bitərəf olmaqla qəbul edilən qətnamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək verilir, Ermənistan qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması tələb edilirdi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
14 mart 1681 – Alman bəstəkarı, musiqişünas Georq Filip Teleman (Georg-Philipp Telemann; 1681 – 25.6.1767) anadan olub. 40-dək operanın müəllifidir.
14 mart 1804 – Avstriya bəstəkarı, skripkaçı, dirijor Yohann Ştraus (Johann Strauss; 1804 – 25.9.1849) anadan olub. Üç oğlu (Yohann, Yozef, Eduard) da məşhur bəstəkar olublar.
14 mart 1919 – Satirik şair Əliqulu Qəmküsar (Əliqulu Məşədi Ələkbər oğlu Nəcəfov; 1880, Naxçıvan – 1919) Tiflisdə qətlə yetirilib. “Molla Nəsrəddin” jurnalının tanınmış müəlliflərindən olub.
14 mart 1933 – Amerikalı bəstəkar və prodüser, 28 dəfə “Qremmi” mükafatçısı Kuinsi Cons (1933 – 3.11.2024) anadan olub.
14 mart 1936 – Yazıçı-dramaturq Nahid Rəhim oğlu Hacızadə (1936 – 18.1.2018) Gədəbəy rayonunun Düzrəsullu kəndində doğulub. Pyesləri teatrlarda tamaşaya qoyulub, televiziya filmlərinin ssenari müəllifidir.
14 mart 1938 – Tanınmış ədəbiyyatşünas, professor Samət Qüdrət oğlu Əlizadə (1938 – 31.5.2002) Xızı qəsəbəsində anadan olub.
14 mart 1939 – Fransız kinorejiossoru, ssenarist Bertran Blie (Bertrand Blier; 1939 – 20.1.2025) anadan olub.
14 mart 1992 – Şair, tərcüməçi Teymur Elçin (Teymur Süleyman oğlu Əliyev; 28.3.1924 – 1992) vəfat edib. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir, rus ədəbiyyatından tərcümələr edib.
14 mart 2024 – Şair, publisist, Əməkdar jurnalist Zeynal Vəfa (Zeynalabdin İsmayıl oğlu Zeynalov; 2.12.1938 – 2024) vəfat edib.
14 mart 2024 – AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Şirindil Həsən oğlu Alışanlı (28.10.1952 – 2024) vəfat edib.
Hazırladı: Vüqar Orxan





















