Xəbər verdiyimiz kimi, mart ayından etibarən Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivlərinin Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı qastrol proqramı başlanır. Layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən və ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüsü kimi reallaşdırılır.

Mart ayında qastrol proqramı Ağdam, Laçın, Gəncə və Mingəçevir şəhərlərini əhatə edəcək.

Beynəlxalq Muğam Mərkəzinin nəzdində fəaliyyət göstərən Əməkdar kollektiv, Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestri martın 16-da Ağdam Muğam Mərkəzində, martın 17-də isə Laçındakı “LaCinema” kinoteatrında konsert proqramı ilə çıxış edəcək.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası martın 19-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında olacaq.

Martın 28–29-da isə Mingəçevirdə – Heydər Əliyev Mərkəzində və Mingəçevir Dövlət Dram Teatrında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik orkestri, solistləri və xor kollektivi proqram təqdim edəcək.