Ölkəmizlə neft-qaz sektorunda uzun illərdir tərəfdaşlıq edən bp şirkəti müxtəlif layihələrlə Azərbaycan mədəniyyətinə də töhfələr verir. Martın 11-də bp bu qəbildən növbəti nəşrin – "Azərbaycan kinosu. Yığcam ensiklopediya” dördcildliyinin təqdimatını keçirib.
Ensiklopediyanı Azərbaycan kino tarixinin yorulmaz tədqiqatçısı, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə tərtib edib. Dördcildliyin nəşri bp-nin maliyyə dəstəyi ilə Təşəbbüslər və Layihələr Mərkəzi tərəfindən icra olunub.
bp-dən verilən məlumata görə, “Azərbaycan kinosu. Yığcam ensiklopediya” 1898–2025-ci illəri əhatə etməklə milli kinonun inkişaf tarixi haqqında bu günə qədər hazırlanmış ən əhatəli ensiklopedik mənbədir.
Tanınmış kinoşünas Aydın Kazımzadənin müəllifi olduğu tədqiqat əsərində milli kinematoqrafiyanın inkişaf yolu hərtərəfli araşdırılıb. Geniş arxiv tədqiqatlarına əsaslanan ensiklopediyada filmlər, kino yaradıcıları, studiyalar və Azərbaycanda kino sənayesinin yaranması və formalaşmasına təsir etmiş tarixi və mədəni mühit öz geniş əksini tapıb.
Tədqiqat Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, eləcə də digər studiyalarda, kino şirkətlərində və televiziya kanallarında istehsal olunmuş bütün növlərdən olan ekran əsərlərinin filmoqrafiyasını əhatə edir. Ensiklopediyaya tammetrajlı və qısametrajlı bədii filmlər, televiziya filmləri, animasiya filmləri və 1898–2018-ci illərdə çəkilmiş “Mozalan” satirik kinojurnalları daxil edilib.
Nəşrin ilk iki cildində Azərbaycan kinosu tarixinin ensiklopedik təsviri təqdim olunur, qalan iki cilddə “Tammetrajlı bədii və animasiya filmlərinin əlifba göstəricisi” və “Kinorejissorların adlar göstəricisi” verilib.
Ensiklopediyaya müəllifin, eləcə də ilkin kino yaradıcılarının və müxtəlif dövrlərdə kino sənayesinin inkişafına töhfə vermiş digər şəxslərin şəxsi arxivlərində qorunan nadir fotoşəkillər də daxil edilib. Bundan başqa, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxiv şöbəsinin və Azərbaycan Dövlət Film Fondunun materiallarından da istifadə olunub.
Təqdimatda Azərbaycan mədəniyyət nazirinin müavini Səadət Yusifova, bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Təşəbbüslər və Layihələr Mərkəzinin rəhbəri Ceyhun Osmanlı, Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Xalq artisti Fəxrəddin Manafov və ensiklopediyanın tərtibçisi Aydın Kazımzadə çıxış ediblər.
Bəxtiyar Aslanbəyli deyib: “Azərbaycan kinosunun 1898-ci ildə yarandığı gündən bəri keçdiyi tarixi yol mədəni inkişafımızın çox əlamətdar bir hissəsidir. Kinematoqrafiya yaradıcılığının bir əsrdən çox tarixini bu qədər dəqiqlik və fədakarlıqla sənədləşdirməklə hörmətli Aydın Kazımzadə incəsənət və akademik ictimaiyyətimiz üçün uzunmüddətli dəyər daşıyan bir əsər yaradıb. bp mədəni irsimizin qorunmasına və Azərbaycan kinematoqrafçılarının irsininin gələcək nəsillər üçün daim ilham mənbəyi olmasına xidmət edən belə bir layihəni dəstəkləməkdən qürur duyur”.
Əsas istinad mənbəyi kimi nəzərdə tutulmuş bu nəşr kino mütəxəssisləri, tarixçilər, tədqiqatçılar, müəllimlər və televiziya, mədəniyyət və incəsənət sahələrində çalışan mütəxəssislər, eləcə də Azərbaycan kinematoqrafiyasının yaranışı və yüz ildən çox inkişaf tarixinə maraq göstərən geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Qeyd edək ki, bp-nin Azərbaycanın zəngin mədəni irsinin qorunması və təşviqinə dəstək öhdəliyini əks etdirən bu layihə şirkətin dəstəyi ilə həyata keçirilən böyük mədəni irs proqramının bir hissəsidir. Proqrama bu ilin fevralında təqdimatı keçirilmiş "Mirzə Qədim İrəvani: parlaq rənglərin işığında" kitabı, təqdim olunan dördcildlik kino ensiklopediyası ilə yanaşı, Azərbaycan xalçalarına dair professor Kübra Əliyevanın müəllifi olduğu üç kitab da daxildir. Həmin kitablar il ərzində ictimaiyyətə təqdim ediləcək.
Layihənin ümumi dəyəri proqramdakı səkkiz kitabın hazırlanması və nəşri də daxil olmaqla 308 min 498 manat (təxminən 181 min 470 dollar) təşkil edir.


























