Tarixdəki olaylar
12 mart 1794 – Polşada Tadeuş Kostyuşkonun başçılığı altında Rusiya və Prussiya (alman) müstəmləkəçiliyinə qarşı üsyan başlanıb. Aleksandr Suvorovun komandanlıq etdiyi rus qoşunları üsyanı yatırıb. Bundan sonra Polşa Rusiya və Prussiya arasında üçüncü dəfə (tamamilə) bölüşdürülüb.
12 mart 1922 – Bolşevik Rusiyasının təşviqi ilə üç Cənubi Qafqaz respublikasının (Azərbaycan, Gürcüstan, Ermənistan) ittifaqı – Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqı yaradılıb.
12 mart 1992 – Ağdərə rayonunun Sırxavənd, Qaraşlar, Bəşirlər, Baş Güneypəyə, Orta Güneypəyə, Xatınbəyli, Manikli kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu ərazilər 1992-ci ilin yayında Azərbaycan Ordusu tərəfindən azad edilsə də, 1993-cü ildə yenidən işğal olunub. 2020-ci ilin 44 günlük müharibəsində Ağdərə rayonunun bir neçə yaşayış məntəqəsi azad edildi. 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən antiterror əməliyyatı nəticəsində Ağdərə rayonu tamamilə Azərbaycanın suverenliyi altına qayıtdı.
12 mart 1992 – Azərbaycanda Daxili Qoşunların yarandığı gündür. Daxili Qoşunları DİN-in tərkibində struktur kimi 1991-ci ilin sonunda formalaşıb. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə qarşı ilk döyüşdə Daxili Qoşunlar 1992-ci il martın 12-də iştirak edib. Prezident Heydər Əliyevin 9 mart 1995-ci il tarixli fərmanı ilə 12 mart "Daxili Qoşunlar günü" elan edilib.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
12 mart 1728 – Alman rəssamı, klassisizmin tanınmış nümayəndəsi Anton Rafael Menqs (Anton Raphael Mengs; 1728 – 29.6.1779) anadan olub.
12 mart 1904 – Xalq yazıçısı Əbülhəsən (Əbülhəsən Əlibaba oğlu Ələkbərzadə; 1904 – 20.5.1986) İsmayıllı rayonunun Basqal kəndində doğulub. “Yoxuşlar”, “Müharibə”, “Dostluq qalası”, Dünya qopur” və s. romanların müəllifidir.
12 mart 1906 – Xalq şairi, dramaturq, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm (Süleyman Əliabbas oğlu Rüstəmzadə; 1906 – 10.6.1989) Bakıda anadan olub. Kitabları: “Gün o gün olsun ki...”, “İki sahil”, “Durna” (komediyalar), “Təbrizim”, “Azərbaycana gəlsin” və s. Azərbaycan SSR Ali Sovetinin sədri olub.
12 mart 1933 – Xalq şairi Cabir Novruz (Cabir Mirzəbəy oğlu Novruzov; 1933 – 12.12.2002) Xızı rayonunun Upa kəndində doğulub. Şeirlərinə populyar mahnılar (“Cavanlığım”, “Ey həyat, sən nə qəribəsən?”, “Tələbəlik illəri” və s.) bəstələnib. Milli Məclisin deputatı olub.
12 mart 1937 – Gürcü opera müğənnisi (tenor), SSRİ Xalq artisti Zurab Lavrentyeviç Sotkilava (1937 – 18.9.2017) anadan olub.
12 mart 1942 – Fəlsəfə elmləri doktoru, AMEA-nın akademiki Əfrand Firudin oğlu Daşdəmirov (1942 – 7.4.2015) Bakıda anadan olub.
12 mart 2020 – Əməkdar artist Adil Ağakərim oğlu Zeynalov (20.2.1960 – 2020) vəfat edib. Lənkəran Dövlət Dram Teatrında aktyor və rejissor işləyib.
12 mart 2025 – Xalq artisti, balet ustası, pedaqoq Tamilla Xudadat qızı Şirəliyeva (8.12.1946 – 2025) vəfat edib.
Hazırladı: Vüqar Orxan























