AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, institut üzrə YAP ərazi təşkilatı, Qadınlar şurası və Həmkarlar komitəsinin birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Elmin zərif gücü – qadınlar” adlı tədbir keçirilib.
Bu barədə institutdan məlumat verilib.
Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli AMEA-nın və elmi-tədqiqat müəssisəsinzin qadın heyətini bayram münasibətilə təbrik edib. Azərbaycan qadınının zəkası, müdrikliyi, cəmiyyətin inkişafı və idarəçiliyində fəal iştirakından söz açan alim türk xalqlarının qadına hər zaman xüsusi diqqət göstərdiyini vurğulayıb. Bildirib ki, Xaqani, Nizami, Füzuli kimi dahi Azərbaycan şairləri, mütəfəkkirləri əsərlərində qadına yüksək qiymət verməsi də bunun nümunəsidir.
AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik İradə Hüseynova, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA-nın Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə və AMEA Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər ü.f.d., dosent Sənan Həsənov ölkəmzidə elmin inkişafında qadın alimlərin xidmətlərindən söz açıblar.
İnstitutun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.ü.f.d., dosent Lamiyə Rəhimova “Əlyazmalarda yaşayan tarix: Leyla xanımın irsi”, şöbənin kiçik elmi işçisi Afaq Hacıyeva “Səkinə Axundzadə və XIX əsr Azərbaycan ziyalı qadınlarının maarifçilik irsi” və Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Samirə Əliyeva “Bayıl həbsxanasında bolşevik rejimini ittiham edən yeganə azərbaycanlı şairə” mövzularında məruzə ediblər. Məruzəçilər klassik Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində iz qoymuş Leyla xanımın bədii irsindən, Azərbaycanın ilk qadın müəllimlərindən olan ilk qadın dramaturq, maarifçi və yazıçı Səkinə Axundzadənin maarifçilik irsindən, o cümlədən repressiya qurbanı olmuş, bolşevik rejimini ittiham edən şeirlər yazmış şairə Ümmügülsüm Sadıqzadənin yaradıcılığından söz açıblar.
Daha sonra AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri tarix e.d., professor Zemfira Hacıyeva, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Qadınlar Şurasının sədri tarix e.d. Vəfa Mahmudova, AMEA-nın Qadınlar şurasının sədr müavini, dosent Tubuxanım Qasımzadə, Əlyazmalar İnstitutunun əməkdaşları – Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dosent Aybəniz Rəhimovanın və Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi Xanımbacı Məlikzadənin məruzə ətrafında çıxışları dinlənilib.
Sonda institutun bir qrup xanım əməkdaşına elmi və ictimai həyatda məhsuldar fəaliyyətlərinə görə Əlyazmalar İnstitutunun fəxri fərmanı təqdim olunub.



















