Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 10 mart – Milli Teatr Günü münasibətilə təntənəli tədbir keçirilib.
Tədbirdən əvvəl Akademik Milli Dram Teatrının əməkdaşlıq memorandumu imzaladığı türkdilli ölkələrin milli teatrlarının rəhbərləri ilə görüş olub.
Akademik Milli Dram Teatrının dəvəti ilə görüşə Türkiyənin Dövlət Teatrlarının baş direktoru Tamer Qaradağlı, İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının direktoru Ayşəgül İşsevər, Özbəkistan Milli Akademik Dram Teatrının direktoru, Özbəkistanın və Tacikistanın Xalq artisti Yodqar Saqdıyev, Qazaxıstan Dövlət Akademik Milli Dram Teatrının direktoru Erkin Juasbek, eləcə də Türkiyədə fəaliyyət göstərən Azərbaycanın Xalq artisti, Adana Çukurova Universitetinin professoru Cahangir Novruzov və digər qonaqlar qatılıblar.
Görüş zamanı bildirilib ki, türk dövlətlərinin, ümumilikdə isə türk mədəniyyətinin nümayəndələrinin iştirakı ilə mühüm təşəbbüslər irəli sürülür. Bu baxımdan Azərbaycanda Milli Teatr Gününün türk dövlətlərindən qonaqların iştirakı ilə qeyd edilməsi mühüm hadisədir. Belə təşəbbüslər türk dövlətlərini bir araya gətirərək mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
Qeyd olunub ki, bundan sonra hər il martın 10-da türkdilli dövlətlərin mədəniyyət nümayəndələrinin Azərbaycanda bir araya gələrək bu bayramı birlikdə qeyd etməsi məqsədəuyğun olardı. Bu təşəbbüs ümumtürk teatr mədəniyyətinin inkişafına xidmət edən gözəl nümunəyə çevrilə bilər.
Qonaqlar “Türk dünyası: ortaq köklər və dəyərlər” adlı sərgi ilə də tanış olublar.
Sonra tədbirdə teatrın böyük zalında davam edib.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov çıxış edərək Azərbaycanda Milli Teatr Gününə təşrif buyurmuş qonaqları salamlayıb, bu günün əhəmiyyətindən söz açıb. Bildirib ki, bu gün təkcə teatr tariximizə nəzər salınmır, eyni zamanda bu sənətin xalqımızın mənəvi həyatında və milli-mədəni inkişafında oynadığı mühüm rol bir daha xatırlanır.
Nazir müavininin sözlərinə görə, Milli Teatr Günü milli mədəniyyətimizin zənginliyinə işıq salmaqla yanaşı, teatr sənətinin cəmiyyət üçün əhəmiyyətini də ön plana çıxarır. Vurğulanıb ki, Azərbaycan teatrı özünəməxsus estetikası, zəngin mədəni irsi və dərin məzmunu ilə təkcə ölkə daxilində deyil, xaricdə də rəğbətlə qarşılanır. Müxtəlif ölkələrdə keçirilən beynəlxalq teatr festivalları və mədəni tədbirlərdə fəal iştirak edən sənət adamlarımız milli səhnə ənənələrimizi və yaradıcılıq potensialımızı dünya ictimaiyyətinə uğurla təqdim edirlər.
Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və digər qardaş ölkələrlə mədəniyyət və teatr sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edən Murad Hüseynov bildirib ki, təcrübə mübadiləsi, birgə layihələr və səhnə tamaşalarının təşkili vasitəsilə türk dünyasının zəngin mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm addımlar atılır.
Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov qeyd edib ki, Milli Teatr Günü münasibətilə belə bir tədbirdə Türk dünyasını təmsil edən teatrların bir araya gəlməsi olduqca qürurvericidir. Onun sözlərinə görə, bu cür layihələr xalqları bir-birinə daha da yaxınlaşdıran, ortaq kökləri, mədəni bağları və mənəvi dəyərləri yaşadan olduqca qiymətli təşəbbüslərdir.
Tədbir çərçivəsində Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) sədri Xalq artisti Hacı İsmayılov teatr sənətində mühüm xidmətləri olan sənətkarlara, o cümlədən türk dövlətlərinin teatr xadimlərinə ATXİ-nin medal və mükafatlarını təqdim edib.
Tədbir bədii hissə ilə davam edib.






























