“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu martın 10-da Azərbaycan Respublikası Prezidentinin rəsmi saytında dərc edilərək qüvvəyə minib.
Qanun 2 fevral 2026-cı ildə Azərbaycan Respublikasının Milli Məclisində qəbul olunub və Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanıb.
Prezident İlham Əliyev 10 mart 2026-cı il tarixdə “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun tətbiqi barədə” Sərəncam imzalayıb.
Sərəncamda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Konstitusiya Qanunundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
***.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında ümumilikdə 20-yə yaxın maddədə müvafiq dəyişikliklər edilib.
Həmçinin Naxçıvan MR Konstitusiyasının preambulası dəyişib və 1921-ci ildə Sovet Rusiyası ilə Türkiyə arasında bağlanan Moskva və Azərbaycan, Ermənistan və Gürcüstan sovet sosialist respublikaları ilə Türkiyə arasında imzalanan Qars müqavilələrinə istinad mətni preambuladan çıxarılıb.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının hazırkı Konstitusiyası 1998-ci ildə Azərbaycan Respublikasının Milli Məclisində qəbul edilib və 29 dekabr 1998-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən imzalanaraq qüvvəyə minib.
Naxçıvan MR Konstitusiyasının preambulasının yeni redaksiyasında qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" 1991-ci il 30 avqust tarixli Bəyannamədə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” 1991-ci il 18 oktyabr tarixli Konstitusiya Aktında təsbit edilmiş prinsiplər və Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində – referendumda qəbul edilən Konstitusiyası təşkil edir.



















