Azərbaycanda milli teatrın yaranmasının 153-ci ildönümü ilə əlaqədar olaraq Milli Kitabxana “10 mart – Milli Tеatr Günü” adlı virtual və ənənəvi kitab sərgilərini, “Azərbaycan milli teatrı” adlı elektron məlumat bazasını istifadəçilərə təqdim edib.
Sərgilərdə rəsmi sənədlər, Azərbaycan teatr sənətinin zəngin tarixi, təşəkkülü, inkişafı, peşəkar milli teatrının yaradılması, əsas yaradıcılıq mərhələləri, bədii-estetik səciyyələri, janr üslub müxtəlifliyi, elmi-nəzəri prinsipləri, teatr ensiklopediyaları və antologiyaları, ayrı-ayrı şəhərlərinizdəki sənət ocaqlarının fəaliyyəti, görkəmli teatr xadimləri, səhnə fədailəri və s. haqqında kitablar, teatrşünaslıq araşdırmaları, dövrü mətbuatda çap olunan məqalələr, fotolar nümayiş olunur.
Virtual sərgiyə https://anl.az/el/vsb/10_Mart_Milli_Teatr_Gunu/index.htm linkində baxmaq olar.
“Azərbaycan milli teatrı” adlı elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Azərbaycan teatrının tarixi”, “Heydər Əliyev və Azərbaycan teatrı”, “Milli teatr”, “Teatr haqqında fikirlər”, “Azərbaycan teatrları”, “Nəşrlər” bölmələrində tammətnli resurslar istifadəçilərə təqdim edilir.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Teatr/index.html linkindən istifadə edə bilərlər.
Xatırladaq ki, 1873-cü il martın 10-da Bakıdakı Realnı məktəbin teatr həvəskarları tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası səhnələşdirilib. Ərsəyə gəlməsində Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgər ağa Goraninin mühüm rol oynadığı bu tamaşa ilə Azərbaycanda incəsənətin canlı növü olan peşəkar teatrın əsası qoyulub.






















