Tarixdəki olaylar

 

8 mart 1910  Kopenhagendə (Danimarka) sosialist qadınların beynəlxalq konfransında Klara Setkinin təklifi ilə 8 martın qadınların həmrəyliyi günü kimi qeyd edilməsi qərara alınıb. Bu gün ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə, Danimarkada, iki il sonra Rusiyada qeyd olunub. 1966-cı ildə 8 mart SSRİ-də istirahət günü elan edilib. 1977-ci ildə 8 Mart – Beynəlxalq Qadınlar Günü BMT tərəfindən beynəlxalq günlər təqviminə daxil edilib.

 

8 mart 1996 – Azərbaycan Prezidenti Heydər Əliyev Gürcüstana ilk rəsmi səfər edib. Səfər gedişində iki ölkə arasında tərəfdaşlıq və qarşılıqlı təhlükəsizlik yardımı haqqında saziş və digər müqavilələr imzalanıb. 

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

8 (yeni təqdimlə 20) mart 1851 – Böyük türk maarifçisi, mütəfəkkir, naşir İsmayıl Qaspralı (Qasprinski; 1851 – 24.9.1914) Krımda – Rusiya imperiyasının Tavriya quberniyasının (keçmiş Krım xanlığı) Yalta qəzasının Avcıköy kəndində doğulub. Atası Mustafa əslən Yaltanın Qaspra kəndindən olub və soyadları buradan götürülüb.

 

8 mart 1911 – Xalq artisti Ağadadaş Gülməmməd oğlu Qurbanov (1911 – 25.6.1965) anadan olub. Gənc Tamaşaçılar, Akademik Milli Dram teatrlarında çıxış edib. “Koroğlu”, “Bir qalanın sirri”, “Bizim küçə”, “Arşın mal alan” (1965, Soltan bəy) və s. filmlərdə çəkilib.

 

8 mart 1913 – Azərbaycanın ilk kinomexanik qadını Nailə Məmməd qızı Bədəlova (1913 – 27.5.2000) anadan olub. Bakı kinostudiyasında, “Bakı”, “Nizami” kinoteatrlarında çalışıb.

 

8 mart 1923 – Ədəbiyyatşünas, teatrşünas Ədilə Əlihüseyn qızı Əliyeva (1923–1984) Bakıda anadan olub.

 

8 mart 1940 – Kinooperator Ramiz Əlirza oğlu Babayev (1940 – 11.1.1994) Bakının Əmircan qəsəbəsində doğulub. 1957-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib.

 

8 mart 1947 – Şair, publisist Ağamalı Sadiq Əfəndi (Ağamalı Əhməd oğlu Əfəndiyev; 1947–1995) Qazax rayonunun Qaymaqlı kəndində doğulub. Kitabları: “Əyil, səndən keçim, dünya”, “Vətən üçün yaşanmış əfəndi ömrü” və s.

 

8 mart 2006 – Xalq artisti, tanınmış teatr və kino aktyoru Əliabbas Gülabbas oğlu Qədirov (15.2.1946 – 2006) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb, teatra rəhbərlik (2002–2006) edib. Kinoda yaddaqalan obrazlar yaradıb.

 

 Hazırladı: Vüqar Orxan