Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun Antik dövr və Alban arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışovun “Qafqaz Albaniyasında xristianlıq: Tarixi, arxeoloji və memarlıq irsi" adlı monoqrafiyası işıq üzü görüb.

AMEA-nın 80 illiyinə həsr olunmuş kitabın elmi redaktorları akademiyanın müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Babayev, AMEA A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Atropatena-Albaniya tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru Ramil Ağayev, rəyçiləri Bakı Dövlət Universitetinin (BDU) Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, tarix elmləri doktoru, professor Tarix Dostiyev, BDU-nun Azərbaycanın qədim və orta əsrlər tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Yunis Nəsibovdur.

Monoqrafiyada Qafqaz Albaniyasında xristianlığa qədərki dini görüş və inanclar, xristianlığın yayılması prosesi, İslam dininin bərqərar olmasından sonra Qafqaz Albaniyasındakı mövcud dini və siyasi durum işıqlandırılıb. Monoqrafiyada Qafqaz Albaniyasında dini görüş və inanclar, xristianlığın yayılması, məbədlər, kilsələr, monastrlar, qəbir abidələri, əlifba və epiqrafik abidələr, maddi mədəniyyət nümunələri, Azərbaycan, ingilis və rus dillərində əhatəli xülasə təqdim edilib.

Kitab Qafqaz Albaniyasının xristianlıq dövrü tarixi, arxeologiyası və memarlıq irsi ilə maraqlanan mütəxəssislər, memarlar, bu istiqamətdə təhsil alan tələbələr və magistrlər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.