Bakı Xoreoqrafiya Akademiyasında (BXA) 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram konserti təşkil edilib.
Qadınların cəmiyyətin sosial-mədəni həyatında oynadığı mühüm rola həsr olunan tədbirdə BXA-nın rəhbərliyi, professor-müəllim və tələbə heyəti, Yeni Azərbaycan Partiyasının xanım nümayəndələri, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Vüqar Hümbətov və digər qonaqlar iştirak ediblər.
Proqramdan öncə çıxış edən Bakı Xoreoqrafiya Akademiyasının tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən Əməkdar artist Nailə Məmməd-zadə, İncəsənət fakültəsinin dekanı Əməkdar artist, dosent Sənan Hüseynli, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov və tədbirin ideya müəllifi və rejissoru, BXA-nın Tədris şöbəsinin müdir müavini Mirələskər Aslanov çıxış ediblər.
Çıxışlarda qadınların bayramı münasibətilə təbriklər səslənib, BXA-nın professor-müəllim heyətində təmsil olunan xanımların milli xoreoqrafiya sənətinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm xidmətlərindən bəhs edilib. Azərbaycan qadınının cəmiyyətin inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında, eləcə də mədəniyyət və incəsənətin tərəqqisində xüsusi rolu vurğulanıb. Şəhid analarına dərin ehtiram ifadə olunub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla ölkənin bütün xanımlarına xoş arzular çatdırılıb.
Rəsmi hissədən sonra təqdim olunan konsert proqramında Bakı Xoreoqrafiya Akademiyasının nəzdində fəaliyyət göstərən “Bakının ulduzları” ansamblı, gənc ifaçılardan ibarət “Forte Strings” qrupu, eləcə də İncəsənət fakültəsinin tələbələri rəqs kompozisiyaları və musiqi nömrələri ilə çıxış ediblər.
Tədbir çərçivəsində qadınlara həsr olunmuş şeirlər səsləndirilib, tematik videoçarxlar nümayiş etdirilib.
Konsert proqramı çərçivəsində incəsənət nümayəndələri BXA-nın xanım əməkdaşlarının simasında bütün qadınları bayram münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıblar.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elkiyar Ziyadov və BXA-nın Həmkarlar ittifaqı komitəsinin sədri Nişanə Qurbanovanın adından akademiyanın xanım əməkdaşlarına ünvanlanmış təbrik məktubu və gül çələngi təqdim olunub.
Qeyd edək ki, “Bakının ulduzları” ansamblının bədii rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Hüseynlidir. Konsertdə təqdim olunan rəqs kompozisiyalarının quruluşu Əməkdar artist Sənan Hüseynli və Tuncay Hüseynliyə məxsusdur.
Bayram konserti iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.




























