Heydər Əliyev Sarayında dahi şair, yazıçı, dramaturq Hüseyn Cavidin xatirəsinə həsr olunan “Yalnız mədəniyyət” adlı musiqili tamaşa nümayiş olunub.

Tədbirdə Leyla Əliyeva iştirak edib.

Səhnə əsərinin quruluşçu rejissoru Əbdülqəni Əliyev, ssenari müəllifləri Afaq Vasifqızı, Lalə Əliyevadır. Hüseyn Cavidin obrazını Xalq artisti Eyyub Yaqubov canlandırıb.

Tamaşada Xalq artisti Mehriban Zəki, tanınmış musiqiçi Vaqif Əsədov, pianoçu-bəstəkar Gülsüm Eldarova, aktyorlar Elşən Əsgərov, Natiq Abdullayev, Oqtay Kazımov, Emil Bağırzadə və digərləri, həmçinin C.Cahangirov adına Xor kollektivi, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri yer alıb.

Musiqili tamaşada dramaturqun həyat və yaradıcılığını əks etdirən təsirli səhnə fraqmentləri, kövrək sevgi xətti, pyeslərdən parçalar, incə lirika nümunələr səsləndirilib. Xalq artisti Eyyub Yaqubovun ifa etdiyi mahnılar tamaşanın bədii-estetik dəyərini daha da artırıb.