Görkəmli ədəbiyyatşünas və tənqidçi, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Yaşar Qarayevin (1936-2002) 90 illik yubileyi münasibətilə monoqrafiya çapdan çıxıb.
Alimin yetirməsi, AMEA Rəyasət Heyəti aparatı Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavərinin müəllifi olduğu kitab “Yaşar Qarayev: toxunulacaq qədər yaxından” adlanır.
Monoqrafiyada professor Y.Qarayevin şəxsiyyəti və yaradıcılığı yalnız milli ədəbiyyatşünaslıq çərçivəsində deyil, XX əsr ümumtürk humanitar-ictimai elmi düşüncəsi kontekstində dəyərləndirilir. Burada alimin yaradıcılığının mərhələləri sistemləşdirilib, analitik-filoloji başlanğıcdan fəlsəfi-kulturoloji konseptuallaşmaya qədər uzanan inkişaf xətti göstərilib. Y.Qarayevin “Tarix: yaxından və uzaqdan” əsəri isə milli yaddaş konsepsiyasının yekun ifadəsi kimi qiymətləndirilib.
Nəşrdə rəqəmsal informasiya mühitində alimin irsinin gənc nəsil üçün idraki müstəqillik və mənəvi bütövlük modeli olduğu əsaslandırılıb. Kitabda Y.Qarayevlə bağlı xatirələr də əksini tapıb.



















