Tarixdəki olaylar

 

6 mart 1917 – Rusiyanın “Müvəqqəti Hökumət”i Finlandiyaya muxtariyyət verib. Çar II Nikolay taxt-tacdan əl çəkəndən sonra bir neçə ay Rusiyanı idarə edən “Müvəqqəti Hökumət” liberal siyasəti ilə tarixə düşdü. 1917-ci ilin Oktyabr inqilabından sonra hakimiyyəti ələ alan bolşeviklər də Finlandiyanın müstəqilliyi ilə barışmalı oldular. Finlandiya XVIII əsrin əvvəlində Şimal müharibəsi (Rusiya-İsveç) nəticəsində qismən Rusiyanın nəzarətinə keçmişdi.

 

6 mart 1922 – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu Azərbaycan əlifbasının latın yazı qrafikasına keçirilməsi ilə bağlı xüsusi komissiya (sədr Səməd Ağamalıoğlu) yaratmaq barədə qərar qəbul edib. Komissiyanın bazasında 1922-ci ilin mayında Yeni Türk Əlifbası Daimi Komitəsi yaradılıb.

 

6 mart 1944 – SSRİ Xalq Komissarları Soveti “Cənubi Azərbaycan əhalisinə iqtisadi və mədəni yardımın gücləndirilməsi tədbirləri haqqında” qərar qəbul edib. Qərarda Təbrizdə Cənubi Azərbaycan yazıçı-şairlərinin əsərlərinin nəşri üçün mətbəə açmaq, Azərbaycan dilində ordu qəzeti nəşr etmək, Azərbaycan Dövlət Dram Teatrının Cənubi Azərbaycan şəhərlərinə qastrolunun təşkili kimi məsələlər əksini tapmışdı.

 

6 mart 1992 – Azərbaycan Respublikası Ali Sovetinin Xocalı faciəsi ilə bağlı çağırılan fövqəladə sessiyasında Prezident Ayaz Mütəllibov istefa verməyə məcbur olub. Bir gün öncə spiker Elmira Qafarova da istefa vermişdi. Ali Sovetin sədri seçilən Yaqub Məmmədov prezident səlahiyyətlərini də icra etməyə başlayıb.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

6 mart 1909 – Polyak satirik yazıçısı, şair, filosof Stanislav Yeji Lets (Stanislaw Jerzy Lec; 1909 – 7.5.1966) anadan olub.

 

6 mart 1920 – Ədəbiyyatşünas Yəhya Qasım oğlu Seyidov (1920 – 4.12.1980) Ordubadda anadan olub.

 

6 mart 1928 – Kolumbiya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1982) laureatı Qabriel Qarsia Markes (Gabriel Jose de la Concordia Garcia Marquez; 1928 – 17.4.2014) anadan olub.

 

6 mart 1931 – Əməkdar incəsənət xadimi, ədəbiyyatşünas, yazıçı Fərman Allahverdi oğlu Eyvazov (1931 – 26.11.1996) Qazax rayonunda anadan olub.

 

6 mart 1955 – Azərbaycan Xalq Cümhuriyyətinin banisi, 1918-ci ildə Cümhuriyyəti elan edən Azərbaycan Milli Şurasının sədri, yazıçı-publisist Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə (31.1.1884 – 1955) Ankarada vəfat edib. Cümhuriyyətin süqutundan (1920) sonra Avropada, Türkiyədə Azərbaycan mühacirətinə rəhbərlik edib. “Azərbaycan şairi Nizami”, “Çağdaş Azərbaycan ədəbiyyatı” və s. əsərlərin müəllifidir.  

 

6 mart 2007 – Əməkdar rəssam Ənvər Hacağa oğlu Almaszadə (27.8.1918 – 2007) vəfat edib.

 

6 mart 2008 – Xalq rəssamı, heykəltaraş, Dövlət mükafatları laureatı İbrahim İsmayıl oğlu Zeynalov (27.12.1934 – 2008) vəfat edib.

 

 Hazırladı: Vüqar Orxan