Azərbaycan sirk sənətində uzun illərdir görünməyən miqyasda və riskdə bir nömrə hazırlanır. Bu cəsarətli layihənin müəllifi Bakı Dövlət Sirkinin illüzionisti Şəhadət Bağırovdur.

Şəhadət Bağırov 25 ildir ki, sehr və illüziya sənəti ilə məşğuldur. Səhnəyə ilk addımlarını kiçik kart fəndləri, yaylıqlar və toplarla ataraq, illər keçdikcə repertuarını daha mürəkkəb və həyəcanlı nömrələrlə zənginləşdirib. Son 5 ildə Bakı Dövlət Sirkinin janr üzrə artisti kimi fəaliyyət göstərir. 

Hazırda Şəhadət Bağırov karyerasının ən riskli və ən iddialı layihəsi üzərində çalışır.  "Akvariumla eskopiya" adlanan bu nömrədə şəffaf akvarium su ilə doldurulur, içərisinə 20-yə yaxın açar atılaraq qarışdırılır. Sirk artisti əlləri qandallı, qolları və bədəni zəncirlərlə, qıfıllarla möhkəm bağlanmış halda akvariumun içinə daxil olur. Qapaq bağlanır və kənardan kilidlənir. 

Bundan sonra saniyələr başlayır. O, nəfəs almadan əvvəlcə qandalları və zəncirləri açmalı, əllərini və qollarını azad etməli, daha sonra isə akvariumun kilidini açaraq sudan çıxıb xilas olmalıdır. Səhnədə vaxt uzandıqca zalda sükut dərinləşir, tamaşaçıların baxışları donur və həyəcan pik həddə çatır. 

Bu nömrə Azərbaycanda indiyədək nümayiş olunmamış formatda hazırlanır. Məqsəd 2026-cı ilin sonuna qədər bu çıxışı Bakı Dövlət Sirkinin manejində tamaşaçılara təqdim etməkdir. Uzun illərdir ki, yerli artist tərəfindən belə miqyaslı və yüksək riskli nömrə səhnəyə qoyulmayıb.

Şəhadət Bağırovun sözlərinə görə, məqsədi yalnız bir şou təqdim etmək deyil, həm də Azərbaycan sirk sənətində yeni mərhələnin başlanğıcına imza atmaqdır.