Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda A.P.Çexovun “Ayı” adlı əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.
Tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Teatr rejissorluğu fakültəsinin l kurs tələbəsi, yazıçı Samirə Əşrəf, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.
Səhnə əsərində universitetin tələbələri Hüseyn Quluzadə (Qriqori Stepanoviç Smirnov), Türkel Ələsgər (Yelena İvanovna Popova), Nərmin Ağayeva (Anfisa) iştirak edirlər.
Gənc yaşda dul qalan Popovanın yaslı, sakit həyatı qəfildən mərhum ərinin borclu qaldığı Smirnov tərəfindən pozulur. Borcu qaytarmaq üçün Popova və qulluqçu Anfisa çıxış yolu axtarmağa çalışarkən, hadisələrin gedişatı gözlənilməz məcraya yönəlir.
Premyeraya qatılan mədəniyyət və incəsənət xadimləri, ədəbiyyat və media mənsubları tamaşanı maraqla qarşılayıb, yaradıcı heyətə uğurlar arzulayıblar.

























