Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, tərcüməçi, ictimai xadim Səməd Vurğunun (1906–1956) anadan olmasının 120 illik yubileyidir. Azərbaycan Respublikasının Prezidenti söz ustadının yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı sərəncam imzalayıb.
Martın 3-də Səməd Vurğunun Bakıdakı ev-muzeyində Xalq şairinin yubileyi münasibətilə ədəbi-bədii gecə keçirilib.
Ev-muzeyinin və Vəhdət Partiyasının təşkilatçılığı ilə gerçəkləşən tədbirdə elm və ədəbiyyat xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bu barədə muzeydən məlumat verilib.
Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin üzvü Kənan Hacı tədbirin aparıcısı olub.
Tədbirdə fəlsəfə elmləri doktoru, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi, Xalq artisti Əli Nur, Əməkdar artist, qiraətçi Azad Şükürov, tənqidçi-ədəbiyyatşünas Əsəd Cahangir, ədəbiyyatşünas, BDU-nun müəllimi Məti Osmanoğlu, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs və başqa qonaqlar çıxış ediblər.
Çıxışlarda Səməd Vurğunun XX əsr Azərbaycan ədəbiyyatında müstəsna rolu, zəngin yaradıcılığının ideya-bədii xüsusiyyətləri, milli-mənəvi dəyərlərin təbliğində xidmətləri və ədəbi ənənələrin formalaşmasına təsiri xüsusi vurğulanıb.
Şairin yaradıcılıq nümunələrinin də səsləndirildiyi ədəbi-bədii gecə iştirakçılar tərəfindən maraqla qarşılanıb.

























