Tarixdəki olaylar

 

3 mart 1830 – Car-Balakən bölgəsində Rusiyanın işğalçılıq siyasətinə qarşı üsyan yatırılıb. Bölgənin Rusiyaya birləşdirilməsindən sonra muxtar ərazi kimi mövcud olan Car-Balakən camaatlığı ləğv olunub və ərazidə rus ordusunun Qafqaz komandanlığının birbaşa idarəçiliyi tətbiq edilib.

 

3 mart 1878 – Rusiya ilə Osmanlı arasında iki il sürən müharibənin yekunlarına dair San-Stefano (İstanbulun indiki Yeşilköy rayonu) sülh müqaviləsi imzalanıb. Osmanlı imperiyasının tərkibində olan Bolqarıstan muxtar knyazlıq statusu alıb və Rusiyanın nəzarətinə verilib.

 

3 mart 1918 – I Dünya müharibəsinin ilkin yekunlarına dair Sovet Rusiyası ilə Almaniya, Avstriya-Macarıstan, Bolqarıstan və Türkiyə arasında Brest sülhü imzalanıb. Müqavilə ilə Rusiya Ukrayna, Polşa, Baltikyanı ölkələr və indiki  Belarusun bir hissəsi, həmçinin Cənubi Qafqazı itirirdi. Lakin bu, Leninin sözləri ilə desək, bolşeviklərə “nəfəs dərmək” üçün vacib idi. 1919-cu ildə “Brest müqaviləsi”ndən çıxan Rusiya, Polşa və Baltikyanı ölkələr (1940-cı ildə SSRİ-yə birləşdirildi) istisna olmaqla, itirdiyi əraziləri sovetləşmə adı ilə nəzarət altına aldı.

 

3 mart 1991 – Latviya və Estoniyada SSRİ-nin tərkibindən çıxmaq barədə referendum keçirilib. Referendumun nəticələrinə əsasən, hər iki respublika müstəqilliyini elan etdi.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

3 mart 1873 – Yazıçı, tərcüməçi Abdulla bəy İsmayıl oğlu Əfəndizadə (1873–1928) Şəkidə doğulub. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olub, uşaqlar üçün şeirlər, hekayələr yazıb. Görkəmli maarifpərvər Rəşid bəy Əfəndiyevin qardaşıdır.

 

3 mart 1875 – Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, memar Məmmədhəsən Cəfərqulu oğlu Hacınski (1875 – 9.2.1931) anadan olub. Sovet dövründə müxtəlif vəzifələrdə işləyib, 1931-ci ildə həbs edilərək güllələnib.

 

3 mart 1879 – Litva lirik nəsrinin banisi, şair, publisist Yonas Bilyunas (1879–1907) anadan olub.

 

3 mart 1904 – Əməkdar artist Abbas Mirzə oğlu Rzayev (1904 – 12.6.1976) Cənubi Azərbaycanın Zəncan şəhərində doğulub. 1926-cı ildən Akademik Dram Teatrının truppasında aktyor kimi fəaliyyət göstərib.

 

3 mart 1912 – Yazıçı Manaf Fərəc oğlu Süleymanov (1912 – 12.9.2001) İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. Köhnə Bakı haqqında “Eşitdiklərim, oxuduqlarım və gördüklərim” adlı tarixi-ensiklopedik kitabın, “Dalğalar qoynunda”, “Zirvələr”, “Yerin sirri” və s. romanların müəllifidir.

 

3 mart 1914 – Əməkdar artist Cəvahir Allahverdi qızı İsgəndərova (1914 – 4.10.2003) Tiflisdə doğulub. Gənc Tamaşaçılar Teatrının ilk aktrisalarından olub.

 

3 mart 1919 – Cənubi Afrika yazıçısı Peter Abrahams (1919 – 18.1.2017) anadan olub. Qara Qarayev 1958-ci ildə yazıçının “İldırımlı yollarla” romanının motivləri əsasında eyniadlı balet (librettonun müəllifi Y.Slonimski) yazıb.

 

3 mart 1926 – Şairə, ədəbiyyatşünas Hökumə İbrahim qızı Billuri (1926 – 22.11.2000) Cənubi Azərbaycanın Zəncan şəhərində doğulub. M.Şəhriyarın farsca şeirlərini Azərbaycan dilinə çevirib. S.Vurğun, C.Cabbarlı, M.Dilbazi və başqa ədiblərin əsərlərini fars dilinə tərcümə edib.

 

3 mart 1928 – Yazıçı Namiq Ələkbər oğlu Abdullayev (1928–1992) anadan olub. Fantastik mövzuda “Sehrli oğlan”, “İtirilmiş dünya”, “Balaca Kiberin macəraları” və s. kitabların müəllifidir.

 

3 mart 1937 – Yazıçı Fərman İsmayıl oğlu Kərimzadə (1937 – 17.3.1989) Qərbi Azərbaycanda, Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində doğulub. “Çaldıran döyüşü”, “Xudafərin körpüsü”, “Qarlı aşırım”, “Təbriz namusu” və s. əsərlərin müəllifidir. Bədii (“Axırıncı aşırım”) və sənədli filmlər üçün ssenarilər yazıb.

 

Hazırladı: Vüqar Orxan