Mədəniyyət Nazirliyi və AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində görkəmli folklorşünas-alim, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədlinin (1946–2025) 80 illiyinə həsr olunmuş “Sazın səsi, sözün nəfəsi” adlı tədbir keçirilib.

Əvvəlcə Folklor İnstitutunun “Folklor studiyası”nın hazırladığı qısametrajlı film nümayiş etdirilib. Filmdə Elxan Məmmədlinin fəaliyyəti, topladığı folklor nümunələri, çap etdirdiyi tədqiqatları və xatirələri əksini tapıb.

Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev çıxış edərək bildirib ki, Elxan Məmmədli Azərbaycan folklorşünaslığında yalnız tədqiqatçı kimi deyil, həm də milli-mədəni missiyanın daşıyıcısı kimi xüsusi yer tutub: "O, folklora təkcə keçmişin yaddaşı kimi deyil, “yaşayan sistem” kimi yanaşıb, araşdırmalarını əsasən canlı folklor mühitində aşıq məclislərində və folklor ekspedisiyaları zamanı topladığı materiallar əsasında aparıb”, - deyə Hikmət Quliyev əlavə edib.

Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova mərhum alimin gənc aşıqların yetişməsində, aşıq sənətinin təbliğində müstəsna xidmətini diqqətə çatdırıb.

Elxan Məmmədlinin qardaşı Eldar Məmmədli ailəsi adından tədbirin təşkilatçılarına təşəkkür edib.

Xatirə axşamı bədii hissə ilə davam edib.