Lənkəran Dövlət Dram Teatrında yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” əsəri əsasında hazırlanan tamaşa fevralın 28-də növbəti dəfə nümayiş olunub.

Teatrdan verilən məlumata görə, tamaşaçılar arasında Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, müəllif Hüseynbala Mirələmov, eləcə də Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi Xalq yazıçısı Çingiz Abdullayev, AYB Lənkəran bölməsinin sədri Qafar Cəfərli, filologiya elmləri doktoru, professor Elman Quliyev, Elm və Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev, Əməkdar jurnalist Bəxtiyar Qaraca və digər qonaqlar olublar.

Tamaşanın sonunda teatrın direktoru Laləzar Hüseynova qonaqları səhnəyə dəvət edib.

Çıxış edənlər Hüseynbala Mirələmovun yaradıcılığından söz açıb, onun əsərlərindəki mövzuların cəmiyyətimiz üçün çox aktual olduğunu qeyd ediblər.

“Gəlinlik paltarı” tamaşasının quruluş müəllifi Laləzar Hüseynovanın əsərin səhnə həllindən, peşəkar aktyor oyunundan, estetik zövqləri oxşayan tamaşanın ərsəyə gəlməsindən danışıb.

Sonda Laləzar Hüseynova qonaqlara, əsərin müəllifi Hüseynbala Mirələmova və tamaşaçılara minnətdarlığını bildirib, yaradıcı heyətə uğurlar arzulayıb.

***

Xatırladaq ki, Lənkəran Dövlət Dram Teatrında “Gəlinlik paltarı” tamaşanın premyerası fevralın 20-də keçirilib. Fevralın 21-də daha bir nümayiş olub.

Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova, quruluşçu rəssamı Fuad Hüseynov, rəssamı Sevən Həsənli, musiqi tərtibatçısı Vüqar Fərəcov, rejissor assistenti Nuranə Nəcəfovadır.

Tamaşada Ayşən Əsədova (Fənayə), Şəbnəm Hüseynova (Rahibə), Təranə Fərəcova (Zinayə), Allahverən Babayev (Qadir), Teymur Hacızadə (Haris), Cəfər Səlimov (Fədai), Aysel Babazadə (Rufa), Nuranə Nəcəfova (Sadiqə), Günel Bağırova və Elvin Məmmədov (pantomim ifa) oynayırlar.