Xəbər verildiyi kimi, Amerika Birləşmiş Ştatları və İsrail Dövləti fevralın 28-də İran İslam Respublikasına qarşı birgə hərbi əməliyyata başlayıb. Paytaxt Tehrana hava hücumları nəticəsində İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei və ölkənin bir sıra yüksək vəzifəli hərbi və siyasi xadimləri öldürülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikası liderinin ölümü ilə bağlı iranlı həmkarı Məsud Pezeşkiana başsağlığı məktubu ünvanlayıb.
Başsağlığı məktubunun mətnini təqdim edirik.
***
İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məsud Pezeşkiana
Hörmətli cənab Prezident,
İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin faciəvi vəfatı xəbəri bizi dərindən kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və dost İran xalqına dərin hüznlə başsağlığımızı ifadə edir, səbir və dözüm arzulayırıq.
Ayətullah Seyid Əli Xamenei uzun illər ərzində İran dövlətinin və cəmiyyətinin həyatında mühüm rol oynamış, ölkəsinin siyasi və dini həyatında xüsusi yer tutmuş şəxsiyyət olmuşdur. Onun vəfatı İran üçün böyük itkidir.
Bu çətin gündə dost və qardaş İran xalqına sülh, sabitlik və əmin-amanlıq arzulayırıq.
Allah rəhmət eləsin!
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 mart 2026-cı il
***
Azərbaycan və İran XİN rəhbərlərinin telefon danışığı olub
Martın 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Ərağçi arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilir ki, telefon danışığı zamanı, İranda hərbi əməliyyatlar və bölgədə hərbi eskalasiya nəticəsində yaranmış vəziyyət müzakirə olunub.
İranın xarici işlər naziri cari vəziyyət və atılan addımlar barədə məlumat verib.
Azərbaycan XİN rəhbəri bölgədə vəziyyətin faciəvi şəkildə gərginləşməsindən ciddi narahatlıq ifadə edib.
Nazir Ceyhun Bayramov İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və günahsız mülki insanların həlak olması ilə bağlı iranlı həmkarına başsağlığı verib.
Hərbi əməliyyatların tezliklə dayandırılacağına, mövcud vəziyyətin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll olunacağına dair ümid ifadə olunub.
Bununla yanaşı, hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığı vurğulanıb.





















