Tarixdəki olaylar

 

1 mart 1917 – Amerika Birləşmiş Ştatları Birinci Dünya müharibəsinə qoşulub. Müharibədə bütün tərəflərin əldən düşdüyü vaxtda (o cümlədən Rusiyada monarxiyanın süqutu) bu addımı atan ABŞ bir il sonra başa çatan müharibədən mühüm geosiyasi dividentlər əldə etdi.

 

1 mart 1920 – Azərbaycanın ilk dövlət informasiya qurumu – Azərbaycan Dövlət Teleqraf Agentliyi fəaliyyətə başlayıb. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən yaradılmış agentlik sovet dövründə müxtəlif adlar altında fəaliyyət göstərib. Müstəqillik dövründə əvvəlki adını bərpa edib. 2015-ci ildən Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) adlanır.

 

1 mart 1954 – ABŞ Marşall adalarında (Sakit okeanda ABŞ-nin nəzarətindəki adalar; 1986-cı ildə formal müstəqillik əldə edib) hidrogen bombasını ilk dəfə sınaqdan çıxarıb. Nüvə silahı sahəsində yarış yeni mərhələyə qədəm qoyub. 

 

1 mart 1992 – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Praqadakı toplantısında təşkilatın 1992-ci il fevralında Azərbaycan və Ermənistanda səfərdə olmuş ilk missiyasının hesabatı əsasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul olunub. ATƏM-in (1994-dən ATƏT) Qarabağ münaqişəsi ilə bağlı ilk sənədindən aydın oldu ki, bu təşkilat problemə real və obyektiv yanaşmadan uzaqdır.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

1 mart 1445 – İtalyan rəssamı Sandro Bottiçelli (Botticelli; əsl adı – Alessandro di Mariano di Vanni Filipepii; 1445 – 17.5.1510) anadan olub. “Veneranın doğuluşu”, “Yaz” və s. əsərləri İntibah incəsənətinin məşhur nümunələridir.

 

1 mart 1810 – Polyak bəstəkarı və pianoçusu, romantizmin parlaq nümayəndəsi Frederik Şopen (Frederic François Chopin; 1810 – 17.10.1849) anadan olub. Vals, noktürn, ballada, sonata, polonez və digər janrlarda əsərlərin müəllifidir.

 

1 mart 1888 – Ukrayna yazıçısı, pedaqoq Anton Semyonoviç Makarenko (1888 – 1.4.1939) anadan olub. Əsərləri: “Pedaqoji poema” (roman), “30-cu ilin marşı” (povestdə müəllifin Bakıya səfəri, neftçilərin həyatı da təsvir edilib).

 

1 mart 1892 – Yapon yazıçısı, müasir yapon ədəbiyyatının yaradıcılarından Rünoske Akutaqava (1892 – 24.7.1927) anadan olub.

 

1 mart 1947 – Əməkdar artist Novruz Yaqub oğlu Əliyev (Novruz Qartal; 1947 – 8.1.2022) anadan olub. Akademik Musiqili Teatrın aktyoru olub, filmlərə çəkilib.

 

1 mart 1947 – Əməkdar mədəniyyət işçisi, səs operatoru Əsəd Fərrux oğlu Əsədov (1947 – 23.9.2023) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında baş mühəndis işləyib, “Mozalan” satirik kinojurnalında fəaliyyət göstərib.

 

1 mart 1952 – Əməkdar incəsənət xadimi, kinoşünas, kinodramaturq Aydın Ərşad oğlu Dadaşov (1952 – 15.3.2017) Ağdamda doğulub. Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.

 

Hazırladı: Vüqar Orxan