Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə kino” layihəsi çərçivəsində “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi tərəfindən istehsal edilmiş “Qarabağnamə” sənədli filmi nümayiş olunub.

Bu barədə muzeydən məlumat verilib.

Tədbirdə Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə, Xalq yazıçısı Natiq Rəsulzadə, Əməkdar jurnalist Etibar Babayev, Xalq rəssamı Arif Hüseynov, filmin rejissoru Elnurə Kazımova çıxış ediblər.

Ekran əsərinin Qarabağın tarixi yaddaşının qorunması, milli-mədəni irsin sənədli kino vasitəsilə təqdim olunması və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyəti vurğulanıb.

Diqqətə çatdırılıb ki, ekran əsəri Arif Hüseynovun “Qarabağnamə – tarixin səhifələri” qrafik silsiləsi əsasında çəkilib. Film Qarabağın zəngin tarixini və mədəni yaddaşını təsviri sənət və kino dilinin vəhdətində təqdim edərək keçmişlə bu gün arasında bədii körpü yaradır.

Film maraqla qarşılanıb və tamaşaçılarda Qarabağın tarixi və mədəni irsinə dair dərin emosional təəssürat oyadıb.