Fevralın 27-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli konsert salonunda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının katibi Əməkdar incəsənət xadimi, professor Elnara Dadaşova Xocalı faciəsindən 34 il ötməsinə baxmayaraq, o dəhşətli hadisələrin heç bir zaman yaddaşımızdan silinməyəcəyini vurğulayıb.  Qeyd edilib ki, Xocalı mövzusu musiqi sənətimizdə də geniş şəkildə əksini tapıb.

Sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova da Xocalı faciəsinin musiqidə təcəssümündən söz açıb, eyni zamanda bu mövzuda əsərlərin təbliğ olunmasının əhəmiyyətini vurğulayıb.

Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə “Xocalı" filminin musiqi tərtibatı”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Güllü İsmayılova “Azərbaycan bəstəkarlarının yaradıcılığında Xocalı faciəsinin təcəssümü”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Humay Fərəcova-Cabbarova “Xocalı soyqırımının tarixi aspektlərinin incəsənətdə təcəssümü” mövzusunda çıxış ediblər.

Çıxışlarda Azər Dadaşovun “Xocalıya ədalət” simfonik plakat, Faiq Nağıyevin “Xocalı harayı” rekviyem, Elnara Dadaşovanın orqan üçün “Xocalı laylası”, Tural Məmmədlinin kamança və piano üçün “Xocalıya ithaf”, Azad Zahidin “Rekviyem”, Nazim Quliyevin “Xocalı” operası, Aleksandr Çaykovskinin “Xocalı”, Balnur Kıdırbeyin simfonik orkestr üçün “Xocalı qurbanları” musiqi əsərlərindən bəhs olunub.

Bədii hissədə mərhum bəstəkar Məmməd Quliyevin "Simfoniya-rekviyem"i (Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və baş dirijor - Xalq artistləri Rauf Abdullayev, Gülbacı İmanova) və Azad Zahidin “Xocalı yol gözləyir” rekviyem kompozisiyası (söz: A.Qurbani. İfa: Niyazı adına Simfonik orkestr və C.Cahangirov adına Xor. Dirijor: Əməkdar incəsənət xadimi N.Hacıəlibəyov. Xormeyster: Şəhla Ələkbərova) videoyazıda səsləndirilib.