Fevralın 27-də AMEA Rəyasət Heyətində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

Beynəlxalq elmi konfransın iştirakçıları Birinci Türkoloji Qurultaya həsr olunmuş məlumat bazası, virtual sərgi, eləcə də AMEA-da yubileylə bağlı nəşr edilmiş kitablarla tanış olublar.

Konfransın əvvəlində Birinci Türkoloji Qurultayın təşkilində yaxından iştirak etmiş Türk dünyasının görkəmli şəxsiyyətlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açılış nitqində Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi və mədəni birliyinin tarixi təməli olduğunu söyləyib. Vurğulayıb ki, 1926-cı ildə Bakıda, məhz bu tarixi məkanda keçirilmiş Birinci Türkoloji Qurultay XX əsrdə türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri kimi tarixə düşüb. AMEA prezidenti qeyd edib ki, konfransda təqdim olunacaq məruzələr və aparılacaq müzakirələr türkologiya elminin inkişafına təkan verəcək, iştirakçılar arasında elmi əlaqələrin gücləndirilməsinə geniş imkanlar yaradacaq.

Türkiyənin Yunus Əmrə İnstitutunun prezidenti professor Abdurrahman Aliy Birinci Türkoloji Qurultayı ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış mühüm hadisə kimi dəyərləndirib. O, Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyaların müasir şəraitdə uğurla gerçəkləşdiyini söyləyib. Türkiyəli professor qeyd edib ki, Qurultayın 100 illik yubileyi Türk dünyasının intellektual irsinin yenidən qiymətləndirilməsi, türkologiyanın aktual məsələlərinin müzakirəsi və elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.

Sonra Birinci Türkoloji Qurultaya həsr olunan film nümayiş etdirilib.

Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov Birinci Türkoloji Qurultayın Türk dünyasının zəngin keçmişinə istinad etdiyini, gələcək barədə düşünmək, ortaq strateji baxışlar və mədəni həmrəyliyin əsaslarını müəyyənləşdirmək baxımından mühüm nəticələrlə yadda qaldığını söyləyib. Nazir müavini AMEA-da müxtəlif dövlət qurumları, nazirliklərlə birgə Birinci Türkoloji Qurultayın 100 illiyi ilə əlaqədar bir sıra elmi tədbirlər təşkil olunduğunu, sanballı nəşrlər hazırlandığını, müxtəlif tədqiqat və mədəniyyət layihələri həyata keçirildiyini diqqətə çatdırıb.

Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdar Çam, milli təhsil nazirinin müavini dosent Celile Ören Ökten, Azərbaycanın Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Türkiyənin ölkəmizdəki səfiri professor Birol Akgün, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, TBMM-nin deputatı, AK Partiyanın sədr müavini professor Kürşat Zorlu, Türkiyənin Atatürk Kültür, Dil, Tarix Yüksək Qurumunun prezidenti professor Dərya Örs, Beynəlxalq Türk Akademiyasının (Astanada yerləşir) prezidenti akademik Şahin Mustafayev, Türk Dil Qurumunun rəhbəri professor Osman Mert, Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı çıxış ediblər.

Türk Mədəniyyəti Araşdırma İnstitutunun direktoru professor Ahmet Bican Ercilasun “Türkologiyanın strateji əsasları Qurultay miqyasında”, Azərbaycan Atatürk Mərkəzinin rəhbəri akademik Nizami Cəfərov “Birinci Türkoloji Qurultayda Azərbaycan”, Azərbaycan Dillər Universitetinin professoru Adil Babayev “Birinci Türkoloji Qurultay iştirakçılarının aqibəti və şərəfi” mövzusunda məruzələrlə çıxış ediblər.

Çıxışlarda Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini, ideya əsaslarını və təşkilatçılarının elmi irsini müasir elmi yanaşmalar kontekstində təhlil etmək baxımından tədbirin önəmi qeyd edilib. Bildirilib ki, bu tədbir Türk dünyasının intellektual birliyini möhkəmləndirən, elmi dialoqu dərinləşdirən və yeni tədqiqatlara yol açan mühüm platformadır.

***

Daha sonra tədbir işini panel iclaslarla davam etdirib.

Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti və başqa ölkələrni elm adamlarının məruzələri dinlənilib.

“Birinci Türkoloji Qurultayın çağırılmasının tarixi və ictimai zərurəti”, “Qurultayın təşkilatçıları və aparıcı simalarının türkologiya elminə töhfələri”, “Qurultay qərarlarının türk xalqlarının elmi və mədəni inkişafına təsiri”, “Türk dillərinin tədqiqi, əlifba və terminologiya məsələləri, metodoloji yanaşmalar, “Qurultay ideyalarının sovet dövründə və sonrakı mərhələlərdə inkişaf dinamikası”, “Müstəqillik dövründə türkologiyanın qarşısında duran çağırışlar, “Qlobal elmi mühitdə türkoloji araşdırmaların perspektivləri” və “Qurultayın az araşdırılmış pərdəarxası məqamları” istiqamətləri üzrə müzakirələr aparılıb.

***

Beynəlxalq elmi konfransın iştirakçıları fevralın 28-də Xəzər Universitetində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş simpoziuma da qatılacaqlar.