Bir əsr öncə Türk dünyasının ən mötəbər elmi hadisələrindən olan Birinci Türkoloji Qurultay Bakıda keçirilib. Bugünkü toplantı intellektual dialoqun və türk xalqları arasında ideya mübadiləsinin davamı kimi əhəmiyyət daşıyır. XX əsrin əvvəlləri türk xalqları üçün mürəkkəb və taleyüklü bir mərhələ kimi yadda qalıb. Birinci Türkoloji Qurultay böyük intellektual platforma olaraq, dil, əlifba, maarifçilik və mədəni irs məsələlərini sistemli şəkildə gündəmə gətirib.
Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov bu sözləri fevralın 27-də Bakıda, AMEA-nın Rəyasət Heyətinin binasında keçirilən “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, Birinci Türkoloji Qurultay Türk dünyasının zəngin keçmişinə istinad edib, eyni zamanda, gələcək barədə düşünmək, ortaq strateji baxışlar və mədəni həmrəyliyin əsaslarını müəyyənləşdirmək baxımından mühüm nəticələrlə yadda qalıb: “2025-ci ilin oktyabr ayında Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü və tədbirin yekun sənədində əksini tapmış müddəalar ölkəmizdə mədəni və humanitar inteqrasiyanın prioritet olaraq müəyyənləşdirildiyini bir daha təsdiqləyir. Türk dövlətləri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu sahədə məqsədyönlü və sistemli siyasətin tərkib hissəsidir”.
Fərid Cəfərov çıxışında 1930-cu illərdə baş verən repressiyaların türk xalqlarının elmi və mədəni inkişafına ağır zərbə vurduğunu qeyd edib: “Bu proseslər Birinci Türkoloji Qurultayın qarşıya qoyduğu məqsədlərin tam şəkildə reallaşdırılmasına imkan verməyib. Bununla belə, XX əsrin sonlarında Türk dünyası ölkələri arasında əlaqələrin möhkəmləndirilməsinə dair Ümummilli Lider Heydər Əliyev tərəfindən yürüdülən siyasət, sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilib.
AMEA-da son illərdə müxtəlif dövlət qurumları, nazirliklərlə birgə Birinci Türkoloji Qurultayın 100 illiyi ilə əlaqədar bir sıra elmi tədbirlər təşkil olunur, sanballı nəşrlər hazırlanır, müxtəlif tədqiqat və mədəniyyət layihələri həyata keçirilir. Bu əməkdaşlığın müvafiq sahədə elmi irsin sistemli şəkildə öyrənilməsi və ictimaiyyətə çatdırılmasına mühüm töhfə verəcəyinə inanıram".
Nazir müavini vurğulayıb ki, qloballaşma, yeni çağırışlar, rəqəmsallaşma və süni intellektin sürətli inkişafı mədəniyyət anlayışına da yeni məzmun qazandırır. Bu şəraitdə milli-mənəvi dəyərlərin qorunaraq yeni rəqəmsal mühitə uyğunlaşdırılması vacibdir.





















