Naxçıvan Dövlət Universitetində (NDU) Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdən öncə Gülxarə Əhmədovanın rəhbərliyi ilə tələbə teatr studiyası tərəfindən Xocalı soyqırımına həsr olunmuş tamaşa-kompozisiya təqdim edilib. İncəsənət fakültəsinin müəllim və tələbələrinin Xocalı faciəsini və 44 günlük Vətən müharibəsindəki Zəfəri əks etdirən əl işlərindən ibarət sərgiyə baxış olub.

NDU-nun rektoru Elbrus İsayev tədbirdə çıxış edərək Xocalı faciəsinin insanlığa qarşı ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb. Bildirib ki, Xocalı faciəsi özünün əsl hüquqi-siyasi qiymətini Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra alıb. Ulu Öndərin müəyyənləşdirdiyi strateji xətti davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız azad olunub, Xocalı şəhidlərinin qanı yerdə qalmayıb. 

Rektor eyni zamanda qan yaddaşımızın gələcək nəsillərə çatdırılmasının vacibliyindən söz açaraq vurğulayıb ki, gənclər tarixi həqiqətləri dərindən öyrənməli, keçmişin dərslərindən nəticə çıxarmalı və tariximizə, dəyərlərimizə, birliyimizə hər zaman sahib çıxmalıdırlar.

Sonra NDU-nun Hüquq fənləri kafedrasının müəllimi Yunis Xəlilov, Azərbaycan tarixi”kafedrasının müəllimi Nuray Məmmədli, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin II kurs tələbəsi, şəhid bacısı Kənarə Nuriyeva çıxış ediblər.

Tədbirin bədii hissəsində İncəsənət fakültəsinin “Orkestr alətləri və dirijorluq” kafedrasının konsertmeysteri Əli Həsənovun və “Belkanto” vokal qrupunun ifasında musiqi nömrələri ifa olunub.