Niderlandın humanitar elmlər, şərqşünaslıq, dinşünaslıq və tarix sahələri üzrə dünyaca nüfuzlu “Brill” (Brill Academic Publishers) akademik nəşriyyatında bu günlərdə işıq üzü görən “Nizami və Dante yaradıcılığındakı kəsişmələrin tədqiqi (Orta əsrlərdən əvvəl və sonra)” adlı xüsusi buraxılışda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimlinin məqaləsi də dərc olunub.

Bu barədə Əlyazmalar İnstitutundan məlumat verilib.

“Dünya ədəbiyyatının İpək Yolunda səkkiz dayanacaq: Konfutsidən Puşkinə qədər” (“Eight Stations on the Silk Road of World Literature: From Confucius to Pushkin”) başlıqlı məqalədə böyük mütəfəkkirlər – Konfutsi (VI əsr), Firdovsi (XI əsr), Nizami (XII əsr), Mövlana (XIII əsr), Dante (XIV əsr), Şekspir (XVI-XVII əsr), Höte (XVIII-XIX əsr) və Puşkinin (XIX əsr) düşüncə tərzindəki yaxınlığı və ortaq cəhətləri müəllif tərəfindən tarixi və müqayisəli metodlardan istifadə edilməklə araşdırılıb və təqdim olunub.

Qeyd edək ki, 1683-cü ildən fəaliyyət göstərən, dünyada elmi nəşrlərinə ən çox istinad olunan aparıcı platformalardan biri sayılan “Brill Academic Publishers” nəşriyyatında çap edilən xüsusi buraxılış “Ədəbiyyatın və incəsənətin dərki” seriyasının II cildi kimi işıq üzü görüb. Buraxılışın məsul redaktorları – professor Rahilə Qeybullayeva (Rahilya Geybullayeva), Nunzio Rujiera (Nunzio Ruggiero) və Mariya Tereza Giaveridir (Maria Teresa Giaveri).