İnsanlıq əleyhinə ən qanlı cinayətlərdən olan Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə Mədəniyyət Nazirliyinin kollektivi, aparıcı mədəniyyət ocaqlarının rəhbərləri və mədəniyyət xadimləri fevralın 26-da Bakıda Xocalı soyqırımı abidəsini ziyarət ediblər.
Abidənin önünə tər çiçəklər düzülüb, faciə qurbanlarının xatirəsinə ehtiram ifadə olunub.
Xatırladaq ki, 1992-ci il fevralın 26-na keçən gecə erməni silahlı dəstələri Xocalı şəhərini yerlə yeksan edib, dinc əhaliyə qarşı soyqırımı həyata keçiriblər. Erməni təcavüzkarlarının Xocalıda Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qırğın nəticəsində 613 nəfər həlak olub. 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
Tarixi Zəfərlə başa çatan 2020-ci ilin 44 günlük Vətən müharibəsində və suverenliyimizin tam bərpası ilə nəticələnən 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirilən lokal antiterror əməliyyatı zamanı bütün şəhidlərimizin, o cümlədən Xocalıda qətlə yetirilən dinc sakinlərin qisası alındı.
Hazırda işğaldan azad olunmuş bütün ərazilərdə, o cümlədən Xocalı rayonunda dövlətimiz tərəfindən sürətli bərpa-quruculuq işləri görülür. Azad torpaqlara Böyük Qayıdış prosesi çərçivəsində Xocalı şəhərinə və rayonun bir neçə kəndinə sakinlərin mərhələli şəkildə köçü həyata keçirilir.


























