Qazax Dövlət Dram Teatrında XX əsrin qanlı faciəsi - Xocalı soyqırımına həsr edilmiş “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən səhnə təqdimatından öncə Qazax şəhərindəki Şəhidlər xiyabanı ziyarət olunub, "Əbədi məşəl" kompleksi və Vətən uğrunda canından keçmiş şəhidlərin abidəsi önünə tər qərənfillər düzülüb.
Sonra rayon Mədəniyyət Mərkəzində Xocalı qurbanlarının xatirəsinə təşkil olunmuş sərgiyə baxış keçirilib.
Tədbir Xocalı qurbanlarının xatirəsinin yad olunması ilə başlanıb.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Qazax Dövlət Dram Teatrının direktoru Allahverdi Musayev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov və Əməkdar artist Xəzər Gəncəli çıxış ediblər.
1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini işğal etməsindən, dinc əhaliyə qarşı soyqırımı cinayəti törətməsindən söz açılıb. Vurğulanıb ki, beynəlxalq təşkilatlar, dünya dövlətləri bu soyqırımı cinayətinə biganə qalmamalı, Xocalı soyqırımına hüquqi qiymət verilməli, hərbi cinayətkarlar layiqli cəzalarını almalıdır.
Daha sonra Qazax teatrının hazırladığı “Xocalı harayı” ədəbi-bədii kompozisiyası nümayiş olunub.
Səhnə əsərinin ssenari müəllifi Hikmət Orhun, quruluşçu rejissoru Əməkdar artist Xəzər Gəncəlidir. Rolları Əməkdar artist Hacı Hacıyev, Minayə İbrahimova və Məlahət Vəliyeva ifa ediblər.

























