Fevralın 25-də Azərbaycan Milli Kitabxanasında “Birinci Türkoloji Qurultay: türk xalqlarının mədəni, elmi və mənəvi inteqrasiyasında tarixi mərhələ” mövzusunda elmi konfrans keçirilib.
Kitabxanadan bildirilib ki, elmi konfrans Birinci Türkoloji Qurultayın (1926) 100 illiyinə həsr olunub.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov giriş sözündə konfransın “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2025-ci il tarixli ərəncamının icrası ilə bağlı Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq təşkil edildiyini diqqətə çatdırıb. Direktor kitabxananın yubileylə bağlı həm qurultayın stenoqramının, həm də fundamental biblioqrafiyasının nəşrinin nəzərdə tutulduğunu deyib.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov nazirlik tərəfindən Prezident Sərəncamının icrası ilə əlaqədar geniş tədbirlər planının təsdiq olunduğunu və Türkoloji Qurultayın 100 illiyi ilə bağlı nəşrlərin hazırlanmasının, bədii-sənədli filmlərin çəkilməsinin, elmi dairələrin, ziyalıların iştirakı ilə həm ölkə daxilində, həm də xaricdə, əsasən də xarici ölkələrdəki mədəniyyət mərkəzlərimizdə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva türk xalqlarının tarixində mühüm əhəmiyyəti olan Türkoloji Qurultayın türkçülüyün, türk ruhunun başlanğıcı, sıçrayışı olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın yaxından iştirakı ilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un, Türk Dövlətləri Təşkilatının və TÜRKPA-nın yaradılması, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Türk Mədəniyyəti və İrsi Fondunun təsis olunması, bu gün türkdilli xalqların sıx mədəni ədəbi birliyinin formalaşması, ortaq türk əlifbasının yaradılması istiqamətində atılan uğurlu addımlar ziyalılarımızın 100 il bundan əvvəl Bakıda irəli sürdükləri ideyalarının həyata keçməsinin bariz nümunələridir.
Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri, filologiya elmləri doktoru, professor Vilayət Quliyev videobağlantı vasitəsilə çıxış edərək Birinci Türkoloji Qurultayın əsas nəticələrinin latın əlifbasına keçidin genişləndirilməsi, türk dillərinin terminologiya və orfoqrafiyasının vahidləşdirilməsi, elmi əlaqələrin möhkəmləndirilməsi və türk xalqlarının mədəniyyətinin öyrənilməsi olduğunu söyləyib.
Sonra Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Birinci Türkoloji Qurultay - 100” mövzusunda elektron məlumat bazasının (https://anl.az/el/emb/Turkoloji_qurultay/index.html) və elektron virtual sərginin (https://anl.az/el/vsb/Turkoloji_Qurultay/index.htm) təqdimatı olub.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Milli Məclisin deputatı, professor Jalə Əliyeva, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva, Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan çıxış edərək Birinci Türkoloji Qurultayın tarixi, elmi əhəmiyyəti haqqında danışıblar.
Sonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş kitab sərgisi ilə tanışlıq olub.

























