Milli Kitabxana Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan və ingilis dillərində virtual sərgiləri istifadəçilərə təqdim edib.

Kitabxanadan bildirilib ki, “26 fevral - Xocalı soyqırımı” adlı virtual sərgidə erməni şovinistləri və Ermənistan dövləti tərəfindən uzun illər azərbaycanlılara qarşı aparılmış soyqırımı siyasəti, işğaldan azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar, ağlasığmaz qəddarlıqla törədilmiş dəhşətli faciələr haqqında dövri mətbuatda çap olunan məqalələr, Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar və fotolar nümayiş olunur.

Virtual sərgi ilə https://anl.az/el/vsb/Xocali_soyqirimi/index.htm linkində tanış olmaq olar.

Əcnəbi istifadəçiləri Xocalı soyqırımı haqqında məlumatlandırmaq məqsədilə ingilis dilində təqdim olunan “Khojaly genocide” adlı virtual sərgidə Xocalı faciəsini özündə əks etdirən ingilis dilində kitablar və altyazılı fotoşəkillər nümayiş olunur. Virtual sərgi http://anl.az/el/vsb/Khojaly_genocide/index.htm linkində yerləşdirilib.

Dünya ictimaiyyətini erməni qəsbkarlarının törətdiyi cinayətlərlə tanış etmək məqsədilə ingilis dilində onlayn rejimdə təqdim olunan “Khojaly tragedy - Photo Exhibition” adlı virtual sərgidə isə Azərbaycanın görkəmli şəxsiyyətlərinin Xocalı soyqırımı haqqında fikirləri, erməni vandalizmi, Xocalı ağrısını özündə əks etdirən fotolar nümayiş olunur.

Virtual sərginin linki: http://anl.az/el/vsb/Khojaly_genocide/index.htm