Türkiyənin tarixi-mədəni irsini, incəsənət zənginliyini, gəzib-görməli yerlərini və ümumilikdə turizm potensialını daha geniş tanıtmaq məqsədi daşıyan Mədəniyyət Yolu Festivalı bu il altıncı dəfə keçiriləcək. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan festivalın xəritəsi 2026-cı ildə daha da genişlənərək 26 şəhərə yayılacaq.

Xatırladaq ki, əsası 2021-ci ildə İstanbulda (“Beyoğlu Mədəniyyət Yolu Festivalı”) əsası qoyulan bu təşəbbüs hər ötən il böyüyüb. “Mədəniyyət Yolu”nun proqramına 2022-ci ildə 5 şəhər, 2023-cü ildə 11 şəhər (həmin ilin 6 fevral zəlzələsi səbəbindən proqramı tam həyata keçirmək mümkün olmadı) daxil edilmişdi. 2024-cü ildə festival proqramı 16, 2025-ci ildə isə 20 şəhərdə gerçəkləşdi.

Beləliklə, dünyada ən uzunmüddətli festival proqramı sayılan Türkiyə Mədəniyyət Yolu Festivalı bu il ölkənin 26 şəhər-vilayətindən keçəcək və ötən iki ildə olduğu kimi, yenə aprel–noyabr aylarını əhatə edəcək.

Son iki ildə (2024, 2025) Adanada başlanan festivala bu dəfə 25 apreldə Şanlıurfada start veriləcək. Adana isə bu il “Mədəniyyət Yolu”nun son dayanacağı olacaq. Öncəki illərdə festival Antalyada yekunlaşmışdı. Ənənəvi olaraq bu il də festival hər şəhərdə 9 gün davam edəcək.

2026-cı ilin “Mədəniyyət Yolu” hazırlıqları isə artıq yanvar ayında başlanıb. Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun iştirakı ilə keçirilən Layihə Qiymətləndirmə Şurasının iclasında festivalın 2025-ci il üzrə yekunları da qeyd olunub.

Paylaşılan məlumatlara görə, 2025-ci ildə festival proqramı üzrə 20 şəhərdə ümumilikdə  1000-dən çox məkanda 9600-dən artıq tədbir keçirilib. Bu tədbirlərin ümumilikdə 22 milyon iştirakçısı olub.

Həmçinin ötən il Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən, Mədəniyyət Yolu Festivalından savayı, 10 şəhərdə “Canlı İrs Şöləni” və 5 şəhərdə "Bir Anadolu Şənliyi” proqramları da həyata keçirilib. Bu üç proqramla üst-üstə 35 şəhərdə ümumilikdə 252 gün davam edən əhatəli mədəniyyət və incəsənət layihələri gerçəkləşib.

2026-cı ildə də ənənəvi “Şəhərdə festival var!” şüarı ilə keçiriləcək “Mədəniyyət Yolu”nun bütün yaş qruplarına uyğun konsertlər, tamaşalar, sərgilər, əyləncələr, sənət görüşləri, yerli mətbəx təqdimatları və s. daxil zəngin proqramı olacaq.

Festival haqqında ətraflı məlumatı kulturyolufestivali.com saytında almaq olar. 

 

Vüqar Orxan