Tarixdəki olaylar
24 fevral 1848 – Fransada növbəti burjua inqilabı nəticəsində Kral Lui-Filipp taxtdan salınıb. İkinci Fransa Respublikasının yarandığı elan edilib.
24 fevral 1991 – Qarabağ münaqişəsi gedişində ermənilər növbəti terror aksiyası törədiblər. Laçın-Yevlax yolunda sərnişin avtobusunun partladılması nəticəsində 7 azərbaycanlı həlak olub.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
24 fevral 1786 – Alman yazıçısı, folklorşünas-filoloq Vilhelm Qrim (Wilhelm Karl Grimm; 1786 – 16.12.1859) anadan olub. Qardaşı Yakob Qrim (1785–1863) ilə birlikdə alman nağılları toplusunu tərtib edib.
24 fevral 1864 – Mütəfəkkir, yazıçı-publisist, şair, rəssam Əli bəy Molla Hüseyn oğlu Hüseynzadə (1864 – 17.03.1940) Salyanda doğulub. Bakıda “Həyat” qəzetinin, “Füyuzat” jurnalının redaktoru olub. 1910-cu ildən Türkiyədə yaşayıb, İstanbul Universitetində dərs deyib. Ə.Hüseynzadənin “türkçülük, çağdaşlıq, islam” fəlsəfəsi Azərbaycanın üçrəngli bayrağının ideoloji əsasını təşkil edir.
24 fevral 1881 – Görkəmli şair, yazıçı Abdulla Şaiq (Abdulla Mustafa oğlu Talıbzadə; 1881 – 24.7.1959) anadan olub. Azərbaycan uşaq ədəbiyyatına böyük töhfələr verib. “Gülzar”, “Milli qiraət kitabı” və s. dərsliklər, uşaqlar üçün pyeslər yazıb, ali məktəblərdə ədəbiyyat tarixindən dərs deyib.
24 fevral 1922 – Teatrşünas, sənətşünaslıq namizədi Adilə Mirzə qızı İsmayılova (1922 – 24.11.1985) Bakıda anadan olub. Azərbaycan Teatr İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) prorektoru işləyib.
24 fevral 1933 – Tanınmış aktyor Bahadur Atabala oğlu Əliyev (1933 – 16.9.2002) Masallı rayonunun Sığıncaq kəndində anadan olub. “Ulduz”, “Böyük dayaq” və s. filmlərdə çəkilib, filmlərin səsləndirilməsində iştirak edib.
24 fevral 1934 – Xalq rəssamı, professor Cəmil Mir Yusif oğlu Müfidzadə (1934 – 20.12.2019) Naxçıvan MR Ordubad rayonunda anadan olub. “İçərişəhər”, “Abşeron nefti”, “Xınalıq”, “Misir təəssüratları” və s. silsilə əsərlərin müəllifidir.
24 fevral 1941 – Əməkdar mədəniyyət işçisi, musiqişünas Sidqi Mustafayev (1941 – 12.4.2021) Bakının Balaxanı kəndində doğulub. “İrs” folklor ansamblının yaradıcılarından biri və uzun illər bədii rəhbəri olub.
24 fevral 1944 – Əməkdar incəsənət xadimi, rejissor Tariyel Təyyar oğlu Vəliyev (1944 – 24.4.2012) İmişli rayonunda doğulub. Azərbaycan Televiziyasında məşhur tamaşalara (“Səni axtarıram”, “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam” və s.) quruluş verib.
24 fevral 2022 – Əməkdar incəsənət xadimi, televiziya diktoru, rejissor Arif Lətif oğlu Qazıyev (17.5.1938 – 2022) vəfat edib. Musiqili telefilmlərin (“Şur”, “Təsnif”) müəllifidir.
24 fevral 2024 – Muğam sənətinin tədqiqatçısı, şair, publisist Gülhüseyn Mərdan oğlu Kazımlı (4.2.1950 – 2024) vəfat edib.
Hazırladı: Vüqar Orxan
























