Martın 1-5-də Sumqayıt Dövlət Dram Teatrında yazıçı Mirzəağa Atəşin “Şərəfin sandığı” pyesi əsasında hazırlanmış “Gəlinlərin savaşı” adlı yeni tamaşanın premyerası olacaq.
Teatrdan bildirilib ki, tamaşaya Xalq artisti Firudin Məhərrəmov quruluş verib. Quruluşçu rəssam Osman Salmanov, rejissorlar Ümüd Abbaszadə və Ləman Məmmədli, rejissor assistenti Fazilə Rzayevadur. Musiqi tərtibatını sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyev hazırlayıb.
Səhnə əsəri ailə münasibətlərini yumor prizmasından təqdim edir: üç ərköyün gəlinlə sülhsevər qayınana arasında baş verən gərgin, lakin əyləncəli qarşıdurmalar tamaşaçılara həm güldürəcək, həm də düşündürəcək. Müdrik qayınana zəka və təmkinlə vəziyyəti nəzarətə alaraq ailədaxili harmoniyanı bərpa edir. Tamaşa ailədaxili münasibətləri komediya janrında təqdim edərək həm əyləncəli, həm də düşündürücü səhnə həlli vəd edir.
Tamaşada Əməkdar artistlər Fəranə Musayeva və İlahə Səfərova, eləcə də aktyorlar Məryəm Hüseynli, Aynur Hümmətova, Şəmistan Süleymanlı, Kamran Muradlı, Emil Həmidov və Şəhriyar Aşkəri rol alıblar.



















