Respublika Uşaq Kitabxanasında 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə yazıçı, şair Gülzar İbrahimovanın paytaxt məktəbliləri ilə görüşü təşkil edilib. Görüşdə 161 və 193 nömrəli tam orta məktəblərin şagirdləri iştirak ediblər.
Tədbirin əvvəlində Gülzar İbrahimova ana dilinin hər bir insan və ümumilikdə xalq, dövlət üçün əhəmiyyətindən söz açıb. Qeyd edib ki, dilimizi qorumaq dövlətçiliyimizi qorumaq deməkdir. Dilimizi inkişaf etdirmək milli kimliyimizi möhkəmləndirmək deməkdir.
Şeirlərindən nümunələr söyləyən müəllif ədəbiyyatın uşaqların dünyagörüşünün formalaşmasında və estetik zövqündə mühüm rol oynadığını qeyd edib.
Şagirdlər də onun şeirlərini söyləyib, bədii dilin gözəllikləri barədə fikirlərini bölüşüblər.
Görüş interaktiv formatda davam edib. Şagirdlər yazara yaradıcılığı, şeir və nağıl mövzularına yanaşması ilə bağlı müxtəlif suallar veriblər.
Gülzar İbrahimova sualları ətraflı cavablandıraraq uşaqlara mütaliənin, ədəbiyyata marağın vacibliyini izah edib, onları mütəmadi oxumağa və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməyə çağırıb.






















