12–22 fevral tarixlərində keçirilən 76-cı Berlin Beynəlxalq Film Festivalının (“Berlinale 2026”) mükafatçıları elan edilib.
Əsas müsabiqə proqramında 22 filmin yer aldığı festivalın baş mükafatı türk əsilli almaniyalı rejissor İlker Çatakın “Sarı zərflər” (“Yellow Letters”) filminə verilib. Ekran işi “Ən yaxşı film” kimi “Qızıl ayı” (Golden Bear) mükafatına layiq görülüb.
Siyasi dram janrında çəkilən "Sarı zərflər” filmi hakimiyyətlə yola getməyən və bu səbəbdən işini itirən türk rejissorla onun aktrisa həyat yoldaşının hekayətidir. Almaniya-Fransa-Türkiyə istehsalı olan filmdə baş rolları Özgü Namal (Derya) və Tansu Biçer (Aziz) oynayırlar.
“Berlinale”nin ikinci mükafatı sayılan “Gümüş ayı” (“Jürinin böyük mükafatı”) isə türkiyəli rejissor Emin Alperin “Qurtuluş” (“Salvation”) filminə verilib. Film ərazi mübahisəsi olan iki ailənin dramını tamaşaçıya təqdim edir.
Digər diqqətəlayiq qaliblər arasında Markus Şlayntserin (Schleinzer) "Gül" (“Rose”) filmində oynadığı rola görə "Ən yaxşı aktrisa" nominasiyasında “Gümüş ayı” mükafatını qazanan alman aktrisa Sandra Hüller var. Ağ-qara film XVII əsr Almaniyasında patriarxal cəmiyyətin məhdudiyyətlərindən yayınmaq üçün özünü kişi libasında göstərən kəndli qadının hekayəsini ekrana gətirir.
Amerikalı rejissor Lens Hammerin "Dənizdəki kraliça" (“Queen at Sea”) filmi iki mükafat qazanıb. Demensiya xəstəliyindən əziyyət çəkən ana və ona qulluq edən övladından bəhs edən film festivalın üçüncü yüksək təltifi hesab edilən “Jüri mükafatı”na layiq görülüb, aktyorlar Tom Kurtene və Anna Kalder-Marşal isə "Ən yaxşı ikinci plan” nominasiyasında "Gümüş ayı" mükafatını bölüşüblər.
76-cı Berlin Beynəlxalq Film Festivalının beynəlxalq jürisinə almaniyalı rejissor Vim Venders (Wilhelm Wenders) sədrlik edib.
“Berlinale”nin təşkilat komitəsi tərəfindən ənənəvi “Kinematoqrafa görkəmli töhfəyə görə” fəxri “Qızıl ayı” mükafatına bu il 63 yaşlı malayziyalı aktrisa, “Oskar” laureatı Mişel Yeo layiq görülüb.
Vüqar Orxan






















