Fevralın 20-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında kino musiqisi axşamı keçirilib.

“Kinolent” adlı konsert proqramında dirijor Ellada Məmmədovanın rəhbərliyi ilə teatrın Estrada-simfonik orkestri çıxış edib.

Tamaşaçılar “Bəxt üzüyü”, “Təhminə”, “Əhməd haradadır” və digər milli ekran əsərlərinə bəstələnmiş musiqi parçalarını orkestrin canlı ifasında dinləmək imkanı qazanıblar.

Musiqi nömrələri filmlərin ruhunu və atmosferini əks etdirən qısa səhnəciklərlə müşayiət olunaraq gecəyə xüsusi dramaturji dinamika bəxş edib.

“Kinolent” layihəsi Dövlət Mahnı Teatrında yaradıcılıq istiqamətində yeni mərhələ kimi musiqi və teatr elementlərini sintez edən konseptual proqram olaraq tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.