"Kinobiz" film şirkətinin istehsalı olan "Nəsil yaddaşı" sənədli filmi fevralın 19-daİsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində yerli auditoriya üçün göstərilib.
Ekran əsəri 1918-ci ildə İsmayıllı rayonunda erməni quldur dəstələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırımından bəhs edir. Əsas süjet xəttini 2020-ci il Vətən müharibəsi qazisinin düşüncələri təşkil edir. O, babasının yuxuda göstərdiyi şəhid məzarını tapmaq üçün yola çıxır və bu səyahət zamanı ailənin keçmişini araşdırır. Filmdə arxiv materialları və xəritələrdən də istifadə olunub.
Filmin rejissoru və ssenari müəllifi Babək Abbaszadə, prodüseri Ramil Ələkbərov, operatoru Bulud Quliyev, montaj rejissoru Rza Əsgərov, işıq rəssamı Sabit Qədirov, səs rejissoru Mehman Nadirov, bəstəkarı Nigar Süleymandır.
Film Azərbaycan Respublikasının Kino Agentliyinin təşkil etdiyi post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsinin qalibi olub.
Təqdimatı Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin əməkdaşı Nilufər Mursalıyeva açıb.
Sonra rejissor Babək Abbaszadəni səhnəyə dəvət edilib. O, filmin çəkilişi haqqında məlumat verib, indiyədək az tədqiq olunmuş İsmayıllı soyqırımının kino ekranına gətirilməsinin əhəmiyyətindən danışıb və Vətən müharibəsi qazisi Nurəddin Əzizlinin filmdə iştirakını xüsusi qeyd edib.
Sonra prodüser Ramil Ələkbərov filmin yaradıcı heyətini tamaşaçılara təqdim edib.
Azərbaycan Respublikasının Kino Agentliyi, İsmayıllı Rayon İcra Hakimiyyəti, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi və "Kinobiz" MMC-nin təşkilatçılığı ilə gerçəkləşən təqdimatda filmin qəhrəmanları da iştirak ediblər.
Filmin nümayişindən sonra yaradıcı heyətlə tamaşaçılar arasında fikir mübadiləsi aparılıb.





















