Respublika Gənclər Kitabxanasında Bakı şəhəri 4 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi ilə birlikdə 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə açan kitabxananın elmi işlər üzrə direktor müavini Günay Həsənova əlamətdar günün dünyada dil müxtəlifliyinin qorunması, ana dillərinə hörmətin artırılması və milli-mədəni dəyərlərin yaşadılması məqsədilə 1999-cu ildə UNESCO tərəfindən təsis olunduğunu diqqətə çatdırıb. O, ölkəmizdə bu istiqamətdə aparılan dövlət siyasəti haqqında məlumat verib, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi möhkəmlənməsinə, milli ideologiyanın mühüm istiqaməti olan dilimizin qorunmasına göstərdiyi xüsusi diqqət və qayğıdan, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb.

Uşaq-gənclər inkişaf mərkəzinin metodisti Məshəti Məmmədova ana dilinin hər bir xalqın, millətin tarixi yaddaşını, milli kimliyini, mənəvi dəyərlərini və mədəni irsini qoruyub, yaşadan ən mühüm vasitə olduğunu, insanın dünyanı dərk etməsində, milli mənsubiyyət hissinin yaranmasında əvəzsiz rol oynadığını bildirib.

Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə sektorunun aparıcı məsləhətçisi Rəna Ağayeva dilimizi yad ünsürlərdən qorumağın, dilin tədrisi məsələsinə ciddi yanaşmağın zəruriliyini qeyd edib.

Məktəblilərin ifasında ana dilinə həsr olunan ədəbi-bədii kompozisiyalar, musiqi-rəqs nömrələri nümayiş etdirilib, dil haqqında şeirlər, hikmətli kəlamlar və mahnılar səsləndirilib.

Tədbirin sonunda “21 ffvral - Beynəlxalq Ana Dili Günü” adlı təqdimata, kitab sərgisinə və məktəblilərin çəkdikləri rəsmlərə baxış keçirilib.