Tarixdəki olaylar

 

20 fevral 1907 – Çar Rusiyasının ikinci Dövlət Dumasının açılışı olub. Birinci Dumada (1906) olduğu kimi, ikinci Dumanın tərkibində də 5 azərbaycanlı deputat (Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Mustafa Mahmudov, Məhəmməd ağa Şahtaxtinski, Zeynal Zeynalov) vardı. İkinci Dumanın ömrü daha qısa, cəmi dörd ay oldu. İyunda çar II Nikolayın fərmanı ilə Duma buraxıldı.

 

20 fevral 1914 –  İstanbulda ilk elektrikli tramvay işləməyə başlayıb. İstanbulda ilk atlı tramvay (konka) xətti 1871-ci ildə istifadəyə verilmişdi.

 

20 fevral 1988 – Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin erməni deputatları qeyri-legitim (XDS-nin səlahiyyəti 1988-ci ilin yanvarında bitmişdi) sessiya çağıraraq “Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi haqqında” qərar qəbul ediblər. Bu hadisə ilə Dağlıq Qarabağ münaqişəsi başlandı. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr antirerror əməliyyatı ilə Azərbaycan bölgədə tam suverenliyini bərqərar edəndən sonra münaqişə də, Dağlıq Qarabağ anlayışı da tarixə gömüldü.

 

20 fevral 1992 – Azərbaycanla Almaniya arasında (ölkəmizin müstəqilliyini 1992-ci il yanvarın 12-də tanıyıb) diplomatik münasibətlər qurulub. 

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

20 fevral 1900 – Xalq artisti, aktyor, rejissor Səməd Məmməd oğlu Mövləvi (1900 – 3.2.1962) anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.

 

20 fevral 1915 – Əməkdar artist Rüxsarə Əli qızı Ağayeva (1915 – 26.11.1994) Bakıda anadan olub. Naxçıvan, Qazax teatrlarında, Gənc Tamaşaçılar Teatrında çalışıb, filmlərdə çəkilib.

 

20 fevral 1925 – Əməkdar artist, vokalçı Kamal Həmid oğlu Kərimov (1925 – 13.1.1992) Bakıda doğulub. Musiqili Komediya, Opera və Balet teatrlarında çalışıb.

 

20 fevral 1925 – Amerika rejissoru, ssenarist Robert Altman (1925 – 20.11.2006) anadan olub. Avropanın üç əsas festivalının (Kann, Venesiya, Berlin) qalibi olan yeganə amerikalı rejissordur.

 

20 fevral 1928 – Tanınmış şair, dramaturq Əliağa Kürçaylı (Əliağa Həsənağa oğlu Vəliyev; 1928 – 11.2.1980) Salyan rayonunun Kürqaraqaşlı kəndində doğulub. Kitabları: “Yollarda axtar məni”, “Həyatın dolayları”, “Dünya ovcumdadır” və s. Rus poeziyasından tərcümələr edib.

 

20 fevral 1935 – Şərqşünas, professor Şulan İsmayıl oğlu Şirəliyev (1935–2013) anadan olub.

 

20 fevral 1938 – Xalq artisti, ustad xanəndə Arif İmran oğlu Babayev (1938 – 1.8.2025) Babayev Ağdam rayonunun Sarıhacılı kəndində doğulub. Opera və Balet Teatrımın aparıcı solisti kimi “Leyli-Məcnun”, “Əsli və Kərəm”, “Aşıq Qərib” və s. muğam operalarında baş rolları oynayıb. Milli Konservatoriyanın professoru olub.

 

20 fevral 1938 – Dilçi alim, türkoloq Cəfər İsmayıl oğlu Cəfərov (1938–1996) anadan olub.

 

20 fevral 1957 – Ustad tarzən, Əməkdar artist Məmmədxan Məmmədrza oğlu Bakıxanov (1890–1957) vəfat edib. Uzun müddət Cabbar Qaryağdıoğlu və Seyid Şuşinski kimi məşhur xanəndələri müşayiət edib.

 

20 fevral 1960 – Əməkdar artist Adil Ağakərim oğlu Zeynalov (1960 – 12.3.2020) anadan olub. Lənkəran Dövlət Dram Teatrında aktyor və rejissor işləyib.

 

20 fevral 1967 – Dünyaca məşhur amerikalı rok-musiqiçi, “Nirvana” qrupunun rəhbəri Kurt Kobeyn (Kurt Donald Cobain; 1967 – 5.4.1994) anadan olub.

 

20 fevral 1984 – Böyük bəstəkar, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Məşədi Cəmil oğlu Əmirov (22.11.1922 – 1984) vəfat edib. Simfonik muğamlar, “Nizami” simfoniyası, “Azərbaycan kapriççiosu”, “Sevil” operası və s. əsərlərin müəllifidir. Bəstəkarın “Min bir gecə” baleti dünya musiqi xəzinəsinə daxildir.

 

20 fevral 2014 – Xalq artisti, tanınmış teatr və kino aktrisası Firəngiz Abbas Mirzə qızı Şərifova (6.2.1924 – 2014) vəfat edib.

 

20 fevral 2021 – Əməkdar rəssam Qüdrət Hacıbəy oğlu Məmmədov (12.12.1936 – 2021) vəfat edib. Şəki Dövlət Dram Teatrının baş rəssamı işləyib.

 

20 fevral 2023 – Xalq artisti, tanınmış teatr və kino aktyoru Ramiz Qəvvam oğlu Novruz (25.5.1955 – 2023) vəfat edib.

 

 Hazırladı: Vüqar Orxan