Tarixdəki olaylar

 

19 fevral 1878 – Rusiya ilə Türkiyə (Osmanlı) arasında növbəti müharibə başa çatıb və tərəflər arasında ilkin sülh sənədi – San-Stefano müqaviləsi imzalanıb. Müqavilə ilə Osmanlı dövləti Balkanlar üzərində nəzarəti faktiki itirib.

 

19 fevral 1954 – SSRİ rəhbəri Nikita Xruşşovun təşəbbüsü ilə Krım vilayəti Rusiya (RSFSR) tərkibindən çıxarılaraq Ukrayna SSR-ə verilib. 27 min kvadrat kilometr ərazisi olan Krım vilayəti 1945-ci ildə təşkil olunmuşdu. Xruşşov Ukraynanın Rusiyaya birləşdirilməsinin (1654) 300 illiyi münasibətilə bu jesti etmişdi.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

19 fevral 1473 – Polyak astronomu, riyaziyyatçı, mütəfəkkir Nikolay Kopernik (1473 – 24.5.1543) anadan olub. Dünyanın heliosentrik sistemi (planetlərin Günəş ətrafında fırlanması) nəzəriyyəsinin banisi sayılır.

 

19 fevral 1743 – İtalyan bəstəkarı Luici Bokkerini (Luigi Boccherini; 1743 – 28.5.1805) anadan olub.

 

19 fevral 1821 – Alman dilçi-alimi, linqvistikanın tanınmış simalarından biri Avqust Şleyxer (August Schleicher; 1821 – 6.12.1868) anadan olub.

 

19 fevral 1897 – Azərbaycanın Xalq artisti Antonina Mixaylovna Filippova (1897 – 8.4.1976) Rusiyanın Oryol vilayətində anadan olub. Azərbaycan Dövlət Rus Dram Teatrında (1935-1950) aktrisa kimi fəaliyyət göstərib.

 

19 fevral 1921 – Əməkdar artist, tarzən Məmmədağa Məmmədhəsən oğlu Muradov (1921 – 14.11.1969) Bakıda anadan olub. Azərbaycan Dövlət Filarmoniyası Xalq çalğı alətləri orkestrinin solisti, konsertmeysteri olub, musiqi məktəblərində dərs deyib.

 

19 fevral 1949 – Ədəbiyyatşünas, mədəniyyət xadimi, filologiya elmləri doktoru Adilxan Hüseynəli oğlu Bayramov (1949 – 14.4.2021) Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində doğulub. S.Vurğunun yaradıcılığı, Tiflisdə Azərbaycan teatrının, Azərbaycanda muzey işinin tarixi ilə bağlı tədqiqatların müəllifidir.

 

19 fevral 2024 – Azərbaycanın və Tacikistanın Xalq artisti, müğənni Leyla Rəcəb qızı Şəripova (28.1.1930 – 2024) vəfat edib.

 

 Hazırladı: Vüqar Orxan