Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclasında Birinci Türkoloji Qurultayın (1926) 100 illik yubileyinə hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr müzakirə olunub.
Bu barədə akademiyadan məlumat verilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli fevralın 27-də yubileylə bağlı ilk böyük tədbirin – “Birinci Türkoloji Qurultayın qurucuları və ənənələri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb. Tədbir çərçivəsində Birinci Türkoloji Qurultayın elmi irsinə və müasir türkoloji proseslərə həsr olunmuş geniştərkibli müzakirələr və panel iclasları nəzərdə tutulub.
Qeyd olunub ki, yubiley tədbirlərində Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Macarıstan, Rusiya Federasiyasının türk xalqları yaşayan regionları, eləcə də digər ölkələrdən olmaqla, Türk dünyasını təmsil edən 50-yə yaxın nüfuzlu elm xadiminin iştirakı gözlənilir.
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş tədbirlər Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi ilə koordinasiyalı şəkildə həyata keçirilir. Yunus Əmrə İnstitutu, Türk Dil Qurumu və Xəzər Universiteti isə əsas tərəfdaş təşkilatçılar kimi iştirak edirlər. Bu qurumlarla əməkdaşlıq çərçivəsində elmi proqramın hazırlanması, məruzəçilərin və panel iştirakçılarının müəyyənləşdirilməsi, beynəlxalq tərəfdaşlarla koordinasiyanın təmin edilməsi, eləcə də tədbirlərin təşkilati və mədəni proqramının formalaşdırılması istiqamətində birgə fəaliyyət göstərilir”, – deyə AMEA prezidenti bildirib.
Eyni zamanda AMEA-nın elmi bölmələri və institutları tərəfindən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş elmi konfransların, dəyirmi masaların və müzakirələrin təşkili, xüsusi nəşrlərin hazırlanması, Qurultayın stenoqramının və arxiv sənədlərinin elmi dövriyyəyə daxil edilməsi, yubiley tədbirləri ilə bağlı materialların mediada işıqlandırılması istiqamətində sistemli iş aparılır. Birinci Türkoloji Qurultayın ideyalarının müasir Türk dünyası kontekstində elmi təhlili, ümumtürk dəyərləri və ortaq elmi yaddaşın formalaşdırılması məsələləri xüsusi diqqət mərkəzində saxlanılır.



















