15–17 fevral tarixlərində Respublika Uşaq Kitabxanasında 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə “Ana dili: milli kimlik” adlı silsilə tədbirlər keçirilib.
Bu barədə kitabxanadan məlumat verilib.
Tədbirlərdə Laçın rayon 40 nömrəli tam orta məktəbin (paytaxtın Səbail rayonunda müvəqqəti yerləşir), Bakı şəhəri 30 nömrəli tam orta məktəbin və 20 nömrəli məktəb-liseyin şagirdləri iştirak ediblər.
Üç gün ərzində uşaqlar üçün maarifləndirici, maraqlı və interaktiv proqram təşkil olunub.
Kitabxana əməkdaşı uşaqlara Beynəlxalq Ana Dili Günü haqqında məlumat verib, ana dilinin xalqın milli kimliyini, tarixini və mənəvi dəyərlərini yaşadan ən böyük sərvət olduğunu vurğulayıb. Bildirilib ki, hər bir vətəndaş ana dilini qorumalı, onu sevərək və düzgün şəkildə istifadə etməlidir.
Proqram çərçivəsində şagirdlər ana dilinə həsr olunmuş cizgi filmini izlıyiblər, sonra maraqlı sual-cavablar aparılıb. Məktəblilər dilimizin zəngin ifadə imkanları barədə fikirlərini bölüşüb, ana dilinə həsr olunmuş şeirlər söyləyiblər.
Kitabxanada ana dilinə dair nəşrlərin və müasir Azərbaycan ədəbiyyatı nümunələrinin yer aldığı rəngarəng kitab sərgisi də təşkil olunub. Uşaqlar sərgidəki kitablarla tanış olaraq, oxumağa böyük həvəs göstəriblər.
Keçirilən silsilə tədbirlərin əsas məqsədi ana dilinin qorunması və inkişaf etdirilməsi, gənc nəslə sevdirilməsi, eləcə də məktəblilərdə milli-mənəvi dəyərlərə hörmət hissinin gücləndirilməsi olub. Tədbirlər maarifləndirici, tərbiyəvi və eyni zamanda ruhlandırıcı ab-havası ilə yadda qalıb.























