Fevralın 18-də Xalq şairi Nəriman Həsənzadənin 95 yaşı tamam olur. Milli Kitabxana bu münasibətlə “Xalq şairi Nəriman Həsənzadə – 95” adlı kitab sərgisi və “Nəriman Həsənzadə” adlı elektron məlumat bazasını istifadəçilərə təqdim edib.
Kitabxanadan bildirilib ki, sərgidə şairin şeirləri, poemaları, pyesləri, elmi, ədəbi-tənqidi əsərləri, müəllifi olduğu dərsliklər, tərcümələri, tərtibçi, “Ön söz” müəllifi, məsləhətçi, rəyçi və redaktoru olduğu kitablar yer alıb. Həmçinin Nəriman Həsənzadənin həyatı, dramaturgiyası, lirikası, əsərlərində tarixilik və müasirlik, estetika məsələləri və s. yaradıcılıq yolu haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, sözlərinə bəstələnmiş musiqi notları və dövri mətbuat materialları nümayiş olunur.
“Nəriman Həsənzadə” elektron məlumat bazası isə “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığı”, “Görkəmli şəxslər Nəriman Həsənzadə haqqında”, “Şairin söylədikləri...”, “Şairin əsərləri”, “Şairə ithaf olunmuş əsərlər”, “Tamaşaya qoyulmuş əsərləri”, “Şeirlərinə bəstələnmiş musiqilər” və “Fotoqalereya” bölmələri üzrə təqdim olunur.
Elektron toplunun linki: https://anl.az/el/emb/N.Hesenzade/index.html
***
Respublika Gənclər Kitabxanasında Xalq şairi Nəriman Həsənzadənin 95 illik yubileyi münasibətilə silsilə materiallar – “İnsani duyğular tərənnümü-Nəriman Həsənzadə” adlı metodik vəsait və virtual kitab sərgisi hazırlanıb.
Kitabxananın saytında (https://www.ryl.az/funds/metodik-vesaitler) yerləşdirilən vəsaitdə Nəriman Həsənzadənin həyat və yaradıcılığı haqqında məlumat, görkəmli şəxslərin onun haqqında fikirləri, şairin özünün görkəmli şəxsiyyətlər haqqında söylədiyi dəyərli sözlər, akademik Nizami Cəfərovun “Nəriman Həsənzadənin poetik məni” adlı məqaləsinin tam mətni yer alıb.
Metodiki vəsaitdə Xalq şairinin zəngin ədəbi irsini kitabxanalarda təbliğ etmək məqsədilə müxtəlif kütləvi tədbir formalarının həyata keçirilməsinə dair tövsiyələr, kitabxananın bu mövzuya dair tərtib etdiyi onlayn materialların keçidləri və ədəbiyyat siyahısı təqdim edilib.
Virtual kitab sərgisində Nəriman Həsənzadənin VII cilddə nəşr edilən “Seçilmiş əsərləri”, “İllər, pillələr, talelər”, “Poylu-beşiyim mənim”, rus dilində çap edilən “Nabat xalanın çörəyi”, “Mən sizinləyəm”, “Azərbaycan poeziyası” kitablarının, Nəriman Həsənzadənin yaradıcılığı haqqında qələmə alınan dövrü mətbuat nümunələrinin və şairin müsahibələrinin tam mətni yer alıb.
Virtual kitab sərgisi də kitabxananın saytında (https://www.ryl.az/multimedia/neriman-hesenzade-95) yerləşdirilib.






















