Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Rakurs” bülleteninin növbəti buraxılışı nəşr edilib. Bülletendə AKİ-nin 2025-ci ilin iyul-dekabr ayları üzrə fəaliyyətindən, ölkəmizdə kino sahəsində görülən işlərdən bəhs olunur.
Bu barədə AKİ-dən məlumat verilib.
Azərbaycanda gedən kino prosesinin xronikasını izləmək məqsədilə nəşr edilən, əlamətdar kino hadisələrini xatırlatmaq üçün nəzərdə tutulan bülletenin budəfəki nömrəlisində çəkiliş meydançalarına, festivallar və müsabiqələrə, yubilyar filmlərə, yubileyi olan sənətkarlar haqqında olan məqalələrə və dünyasını dəyişmiş sənətkarların nekroloquna yer verilib.
Rüblük informasiya bülletenində Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən keçirilən “Mən qadınam” tammetrajlı film bədii ssenarisi müsabiqəsinin finalçılarının müəyyənləşməsi, kino səfərlərinin dəstəklənməsi, Milli Kino Günü münasibətilə ənənəvi mükafatların qaliblərinin elan edilməsi, amerikalı müəllif Sid Fildin ssenari üzrə bestseller kitabının tərcümə edilməsilə bağlı məlumatlar təqdim olunub.
Bundan başqa, nəşrdə dünya klassik kinosunun Azərbaycan dilində təqdim olunması, Xalq artisti Həmidə Ömərovanın “ABŞ kino tarixi” ikicildliyi və “Alman kino tarixi” adlı kitablarının nəşr olunmasına maddi dəstək göstərilməsi, AKİ-nin Azərbaycan Rəssamlar İttifaqı ilə birgə maliyyə dəstəyi verdiyi “Kino rəssamlığının tarixi və müasir mənzərəsi” kitabının çapdan çıxması, “Sən, ey uşaqlıq” tammetrajlı bədii film ssenari müsabiqəsinin elan edilməsi, Qələbəmizin 5 illiyinə həsr olunmuş tədbir keçirilməsi, “Lənkəranda kino günləri”, debüt filmlərinin nümayişi, “Öz filmini yarat” təlim proqramı haqqında məlumatlar yer alıb.
İnformasiya bülletenində rejissor Şamil Əliyevin 65 illik yubileyi münasibətilə “Yaradanlar-2” və “Körpələrin göz yaşı” sənədli filmlərinin nümayişindən, XVI Bakı Beynəlxalq Film Festivalı çərçivəsində iranlı aktrisa, rejissor Niki Kərimli ilə gənc kinematoqrafçıların görüşündən, ssenaristlərin problemlərinin müzakirə olunmasından, eləcə də ümumilikdə Azərbaycanda kino aləmində baş verən yeniliklərdən də bəhs olunur.
Əsas məqsədi, AKİ-nin gördüyü işlərlə bağlı ictimaiyyət və dövlət qarşısında hesabat xarakteri daşımaqla yanaşı, ölkədə gedən kino proseslərinin salnaməsini yaratmaq olan, kino araşdırmaçıları üçün nəzərdə tutulan “Rakurs” rüblük bülleteni AKİ-nin sədri Xalq artisti Rasim Balayevin məsləhəti ilə nəşr edilir.
Nəşrə məsul AKİ-nin icraçı katibi Əli İsa Cabbarov, tərtib edən və nəşrə hazırlayan Ramil Ələkbərov, redaktor Aygün Aslanlıdır.



















