Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Adil Kərimlinin əmri ilə Əməkdar artist Oleq Əmirbəyov Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına direktor təyin edilib. Fevralın 17-də yeni direktor kollektivə təqdim olunub.

Tədbirdə çıxış edən Adil Kərimli Akademik Rus Dram Teatrının zəngin sənət ənənələrinin olduğunu deyib. Qeyd edib ki, kollektivin yerli və əcnəbi müəlliflərin əsərləri əsasında hazırladığı tamaşalar ölkəmizdə və xaricdə maraqla qarşılanır.

Nazir vurğulayıb ki, mədəniyyətin bütün sahələri kimi, teatr fəaliyyətinə də yeni yanaşmaların tətbiqi zəruridir. Bildirib ki, dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında bu sahənin də inkişafı ilə bağlı qarşıya yeni vəzifələr qoyulub.

Adil Kərimli yeni direktora və kollektivə uğurlar arzulayıb.

Oleq Əmirbəyov göstərilən yüksək etimada görə nazirə minnətdarlığını ifadə edib.

Akademik Rus Dram Teatrının keçmiş direktoru, bu günlərdə Gəncə Dövlət Milli Dram Teatrına rəhbər təyin edilən Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev də Oleq Əmirbəyova təbriklərini çatdırıb, onun bu sahədə uğurla fəaliyyət göstərəcəyinə əminliyini bildirib.