Tarixdəki olaylar
18 fevral 1952 – Türkiyə ilə Yunanıstan NATO üzvlüyünə qəbul olunub. Kipr və Egey dənizi məsələlərində aralarında mübahisə olan iki dövlətin eyni vaxtda alyansa qəbulu NATO-nun prinsipial mövqeyi idi.
18 fevral 1965 – Böyük Britaniyanın Afrikadakı müstəmləkəsi olan Qambiya dövlət müstəqilliyini elan edib.
18 fevral 2009 – Bakıda “İslam Mədəniyyətinin Paytaxtı 2009” ilinin açılış mərasimi keçirilib. Bakı şəhəri İslam ölkələri elm, təhsil və mədəniyyət təşkilatı – ICESCO-nun 2007-ci ildə qəbul etdiyi qərarla “İslam Mədəniyyətinin Paytaxtı” elan olunmuşdu.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
18 fevral 1201 – Dünyaca məşhur riyaziyyatçı, astronom, filosof Nəsirəddin Tusi (1201 – 23.6.1274) Cənubi Azərbaycanın Həmədan şəhərində doğulub. Tusinin yaratdığı Marağa rəsədxanası uzun illər Şərqin mötəbər elm mərkəzlərindən olub. “Əxlaqi-nasiri” etik traktatı, fəlsəfəyə dair əsərlərin müəllifidir.
18 fevral 1838 – Avstriya filosofu, pozitivizmin tanınmış nümayəndəsi Ernst Max (Ernst Mach; 1838–19.2.1916) anadan olub.
18 fevral 1924 – Əməkdar artist Osman İsmayıl oğlu Hacıbəyov (1924 – 14.6.1979) Şuşa şəhərində doğulub. Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olub.
18 fevral 1925 – Publisist, tərcüməçi Hacı Əliheydər oğlu Hacıyev (1925 – 23.2.2008) anadan olub. Uzun illər Azərbaycan Jurnalistlər Birliyinə rəhbərlik edib.
18 fevral 1932 – Çexəsilli Amerika kinorejissoru Miloş Forman (Milosh Forman – Jan Tomash Forman; 1932 – 13.4.2018) anadan olub. “Qu quşunun yuvası üzərindən uçuş” filmi (1975) 5 nominasiyada, “Amadey” filmi (1984) 8 nominasiyada “Oskar” mükafatına layiq görülüb.
18 fevral 1934 – Rusiyanın Xalq artisti, sirk ustası Muxtarbek Kantemirov (1934 – 30.8.2017) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında “Qorxma, mən səninləyəm!” filmində çəkilib.
18 fevral 1934 – Yazıçı-dramaturq, publisist Şamil Xurşud (Şamil Xurşud oğlu Fərzəliyеv; 1934 – 24.4.1986) Ucar rayonunda (əslən Qərbi Azərbaycandan, Ermənistanın Sisyan rayonunun Ağudi kəndindəndir) anadan olub. Əsərləri: “Ağaclar kəsilmədi”, “Naxırçı çörəyi”, “Yolayrıcında” və s.
18 fevral 1947 – Əməkdar rəssam Ənvər Vahid oğlu Qarayev (1947 – 29.1.2011) Şəkidə anadan olub. Dekorativ-tətbiqi sənət, xalça, batika, parça üzərində tikmə texnikasının mahir ustası idi.
Hazırladı: Vüqar Orxan






















