Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə mədəniyyət və irs sahəsində çalışan rəhbər və mütəxəssislər üçün nəzərdə tutulmuş “Mədəniyyət və İrs Akademiyası” platforması istifadəyə verilib.
CCEI (Chartered Culture and Education Institute – Mədəniyyət və Təhsil İnstitutu) tərəfindən Azərbaycan dilində təqdim olunan onlayn “Peşəkar İnkişaf Proqramı” idarəetmə, liderlik və strateji düşünmə bacarıqlarının gücləndirilməsinə xidmət edir.
Platforma UNESCO, ICOM, ICCROM, IFLA, OECD və UNCTAD kimi beynəlxalq qurumların yanaşmaları əsasında hazırlanıb və Mədəniyyət Nazirliyi sistemində çalışan əməkdaşlar üçün nəzərdə tutulub.
CCEI – mədəniyyət, təhsil, elm, dövlət idarəçiliyi, liderlik, innovasiya və həyat dizaynı sahələrində qlobal düşüncə, ölçülə bilən mükəmməllik və tətbiq olunan bacarıqlar üzərində qurulmuş beynəlxalq institutdur. Bu platforma bilik ötürmək üçün deyil, standart formalaşdırmaq, etibar yaratmaq və real peşəkar təsir üçün yaradılıb.
CCEI Mədəniyyət və İrs Akademiyası mədəniyyət və irs ekosistemində fəaliyyət göstərən bütün təşkilatlar – rəsmi dövlət qurumları, mədəniyyət mərkəzləri, irs məkanları, muzeylər, kitabxanalar, incəsənət və musiqi məktəbləri, teatrlar və yaradıcı sənaye qurumları üçün nəzərdə tutulmuş ixtisaslaşmış tədris və inkişaf platformasıdır.
ABŞ-də yerləşən və beynəlxalq səviyyədə fəaliyyət göstərən Chartered Culture and Education Institute mədəniyyət və irs sahələrində peşəkar inkişaf proqramlarını, kurslarını və xidmətlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində də əlçatan edir.
CCEI ekosisteminə “Mədəniyyət və İrs Akademiyası” ilə yanaşı, “Elm, Təhsil və Texnologiya Mərkəzi”, “Karyera və Həyat Dizaynı Laboratoriyası” və s. daxildir. Burada elm və təhsil menecmenti, dövlət və şəhər idarəçiliyi, karyera planlaması, dizayn düşüncəsi və həyat dizaynı, mədəniyyət və irs, muzey və kitabxana idarəetməsi və s. sahələrdə praktik, tətbiqyönümlü və beynəlxalq standartlara əsaslanan 20-dən çox sertifikat proqramları və qiymətləndirmə sistemləri təqdim edilir.
“Mədəniyyət və İrs Akademiyası” platformasından yararlanmaq üçün elektron qaydada qeydiyyatdan keçmək, müvafiq tədris bölməsini seçmək və istəyə uyğun abunə üçün ödəniş (1 aylıq abunə 15 manat, 6 aylıq – 85 mana, illik – 169 manat) etmək lazımdır. Bütün tədris onlayn formatda aparılır.
Qeyd edək ki, CCEI 2006-2021-ci illərdə Mədəniyyət Nazirliyində (2018-ci ilədək Mədəniyyət və Turizm Nazirliyi) müxtəlif vəzifələrdə çalışmış, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Aparat rəhbəri olmuş, hazırda ABŞ-də yaşayan Vasif Eyvazzadə tərəfindən yaradılıb. O, institutun prezidenti və məsləhət şurasının sədridir.
CCEI Mədəniyyət və Təhsil İnstitutunun idarə heyətinin üzvlərindən professor Mayk Hardi (Mike Hardy) ötən illərdə Mədəniyyət Nazirliyi ilə “Bakı Prosesi” və Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində əməkdaşlıq edib. O, Böyük Britaniyanın Koventri (Coventry) Universitetində Sülh və Təhlükəsizlik Mərkəzinin qurucu direktorudur.
Ətraflı məlumat bu linklərdə:
https://www.cultureeducation.org/Azerbaijan
https://www.cultureeducation.org/Medeniyyet
https://www.cultureeducation.org/abunelik






















