Naxçıvan Dövlət Universiteti (NDU) ilə Türkiyənin Marmara Universiteti (İstanbul) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi NDU-nun rektoru Elbrus İsayev və Marmara Universitetinin rektoru Mehmet Emin Okur imzalayıblar.
NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, müqavilənin əsas məqsədi hər iki ali təhsil müəssisəsinin təhsil və elmi-tədqiqat fəaliyyətləri üzrə qarşılıqlı marağın artırılması, birgə elmi layihə və təşəbbüslərin hazırlanması istiqamətində əməkdaşlığın genişləndirilməsi, həmçinin müəllim, tələbə və inzibati heyət mübadiləsinin həyata keçirilməsidir.
Sənədə əsasən, Marmara Universitetinin Türkiyyat Araşdırmaları İnstitutu da daxil olmaqla müxtəlif tədqiqat mərkəzləri ilə birgə konfransların təşkili, ortaq elmi araşdırmaların aparılması nəzərdə tutulur. NDU ilə əməkdaşlıq çərçivəsində daha çox sosial elmlər sahəsində tədris və elmi-tədqiqat fəaliyyətinin həyata keçirilməsi planlaşdırılır.
1883-cü ildə əsası qoyulan Marmara Universiteti Türkiyənin ən köklü və nüfuzlu ali təhsil müəssisələrindəndir. Universitet xüsusilə tibb, mühəndislik, hüquq, iqtisadiyyat, beynəlxalq münasibətlər və pedaqoji ixtisaslar üzrə güclü akademik bazaya malikdir. Əməkdaşlığın mühüm istiqamətlərindən biri tibb, mühəndislik və iqtisadiyyat sahələrində xarici professorların Naxçıvan Dövlət Universitetinə dəvət olunmasıdır. Həmçinin NDU-nun Tibb fakültəsinin tələbələri Marmara Universitetində staj keçmək imkanı əldə edəcəklər. Marmara Universitetinin professorları isə NDU-nun magistrant və doktorantlarına elmi rəhbərlik edəcəklər.























